Mayın 7-də Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası: müasir hüquqi dövlətçiliyinin təməli kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.
Sədr Azərbaycan tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bilavasitə bağlı olduğunu, görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb.
Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Ulu Öndər Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib və bununla bağlı, ölkədə bir sıra tədbirlər keçirilməkdədir. Həmçinin, Konstitusiya Məhkəməsi tərəfindən bu il bir sıra tədbirlərlə yanaşı iyul ayında Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilmiş beynəlxalq konfrans təşkil ediləcək.
Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb.
Daha sonra Konfransın praktiki hissəsində müxtəlif hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev aprelin 25-də Bakı şəhərinin Qaradağ rayonunun orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Konstitusiya və Suvenrenlik İli” hüquq olimpiadasının qaliblərinə mükafatlar təqdim edib.
