
Ağız qoxusunu aradan qaldırmaq və ya dişləri ağartmaq məqsədilə istifadə olunan ağız qarqaraları düzgün tətbiq olunmadıqda ağız sağlamlığı üçün ciddi risklər yarada bilər. Mütəxəssislər bildirirlər ki, bəzi qarqaralar diş minasını aşındırır, kariyes riskini artırır və hətta çənə sümüyünün zədələnməsinə, nəticədə sümük əriməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, diş həkimi və ağız-çənə cərrahı Dr. Birkan Taha Özkan bu məhsulların düzgün seçilməməsi və nəzarətsiz istifadəsinin fəsadlarına diqqət çəkib. Onun sözlərinə görə, aşağı pH dəyərinə (yəni turşuluğa) və spirt tərkibinə malik qarqaralar diş həssaslığını artırır, mina qatını incəldir və rəng dəyişikliyinə səbəb olur. Xlorheksidin və güclü antiseptik tərkibli qarqaralar isə dad qönçələrini solduraraq dad hissinin itməsinə gətirib çıxara bilər.
Prof. Dr. Mehmet Özcan da bu fikirləri təsdiqləyərək bildirib ki, yüksək spirt və turşulu ağız qarqaraları ağız selikli qişasına və diş ətinə zərər verərək yanma, quruluq, soyulma və açıq yaralar yarada bilər. Bu da ağzın müdafiə qatını zəiflədərək infeksiyalara şərait yaradır. Nəticədə diş minası incəlir, dişlərdə rəng qaralması və saralma baş verir.
Dr. Özkan əlavə edib ki, bu cür qarqaralar diş səthində və plomblarda tünd ləkələr əmələ gətirir və bu rəng dəyişiklikləri bəzən peşəkar təmizləmə ilə belə aradan qalxmır. Xlorheksidin tərkibli qarqaraların istifadəsi ağız mukozasında xoralar və ağ ərplə müşayiət olunan zədələnmələrə səbəb ola bilər. Daha da təhlükəlisi, bu vəziyyət çənə sümüyünün zədələnməsi və əriməsinə qədər gedib çıxa bilər.
Ağız mikrobiotasının pozulması təkcə diş və çənə sağlamlığını deyil, ümumi orqanizmə də təsir edir. Dr. Özkanın sözlərinə görə, güclü antiseptiklər nitrat-nitrit-oksid balansını pozaraq sistemli ürək-damar problemlərinə səbəb ola bilər.
Buna görə də, ağız qarqarasından istifadə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:
– Neytral və ya bir qədər qələvi pH-a malik qarqaralar seçilməlidir
– Alkoqolsuz formulalara üstünlük verilməlidir
– Qarqara uzun müddət istifadə ediləcəksə, diş həkiminə müraciət olunmalıdır
– Ağızda yanma, dad itkisi və rəng dəyişikliyi müşahidə olunarsa, istifadə dərhal dayandırılmalıdır
Ağız qarqarası zərərsiz bir gigiyena vasitəsi kimi qəbul edilməməli, düzgün və ehtiyatla istifadə olunmalıdır. Əks halda, dişlərinizin, diş ətlərinizin, çənə sümüyünüzün və ümumi sağlamlığınızın zərər görməsi qaçılmazdır.
Tərcümə: Könül Oruc