EN

Fəlsəfə doktorları professor adı üçün AAK-a birbaşa müraciət edə bilərlər

Elmlər doktorluğu proqramı Azərbaycanın elmi potensialının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınması baxımından mühüm rol oynayır. 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədr müavini Sakin Cabarov İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında elmi dərəcələrin verilməsinin sadələşdirilməsi ilə bağlı müzakirələr zamanı səsləndirib.

Sakin Cabarov bildirib ki, bəzi şəxslər elmlər doktorluğu mərhələsini professor elmi adına gedən yolda ləngidici amil kimi qiymətləndirsələr də, bu, əsaslı yanaşma deyil:

“Əgər elmlər doktorluğunu professorluğa aparan yolda ağır mərhələ hesab edənlər varsa, onlar AAK-ın sənədləri ilə yetərincə tanış deyillər”.

O qeyd edib ki, mövcud əsasnaməyə əsasən, fəlsəfə doktorları birbaşa professor elmi adı almaq üçün AAK-a müraciət edə bilərlər. Bu isə istedadlı gənclər üçün elmi dərəcəyə aparan alternativ və çevik yolların mövcudluğunu göstərir.

Sakin Cabarov vurğulayıb ki, elmlər doktorluğu pilləsində yazılan məqalələrin sayı və elmi təşəbbüslərin səviyyəsi bu proqramın faydalılığını təsdiqləyir:

“Elmlər doktoru elmi dərəcəsi Azərbaycanda elmin inkişafına ciddi təkan verir. Bu mərhələdə yazılan elmi məqalələr iddiaçıların şəxsi inkişafına, əsərlərinin sayına və peşəkar təcrübələrinin artmasına müsbət təsir göstərir”.

AAK rəsmisinin sözlərinə görə, bu məqalələr həm də Azərbaycan alimlərinin beynəlxalq elmi platformalarda təmsilçiliyini artırır və ölkənin elmi nüfuzuna müsbət təsir göstərir. Eyni zamanda, bu fəaliyyətlər ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə daha yüksək mövqe qazanmasına da dəstək olur.

Chosen
0
azedu.az

1Sources