BAKI, 6 may. TELEQRAF
Polşa Rusiyanın prezident seçkilərinə misli görünməmiş müdaxilə cəhdi ilə üzləşir.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bunu Polşanın rəqəmsal məsələlər üzrə naziri Kşiştof Qavkovski bildirib.
Nazir bildirib ki, Ukraynaya yardım üçün mərkəz rolunu oynaması Polşanı Rusiyanın təxribatları, kiberhücumları və dezinformasiyası üçün hədəfə çevirib. Rusiyanın ehtimal olunan müdaxiləsi səbəbindən ötən ilin dekabr ayında Rumıniyada prezident seçkiləri ləğv edildikdən sonra Polşa müdaxiləyə qarşı yüksək hazırlıq vəziyyətindədir.
Qavkovskinin sözlərinə görə, Polşanın su təchizatı və kanalizasiya şirkətləri, istilik elektrik stansiyaları və dövlət idarəetmə orqanları hücumlara məruz qalıb. Bu il Rusiyanın belə hücumlarda iştirakı iki dəfədən çox artıb.
Rusiyanın Varşavadakı səfirliyi ittihamları şərh etməyib və Qavkovskidən sübutlar təqdim etməsini istəyib.
Xatırladaq ki, Polşada prezident seçkilərinin birinci turu 18 may tarixinə təyin edilib.