EN

Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılacaq - FOTO

Ağdama səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Qızıl Kəngərli kəndində olublar.

Modern.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

****

15:07

Azərbaycanın Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkına gəliblər.

Modern.az xəbər verir ki, Belarus hökumətinin başçısı sənaye parkı ilə tanışlıq zamanı burada görülən işlərlə maraqlanıb. Bildirilib ki, Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. Hazırda parkda doqquz müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir.

Belarus nümayəndə heyəti parkı ziyarət zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə “MAZ-5907S2-012” markalı kommunal təyinatlı avtomobil hədiyyə edib.

Sonra Sarıcalı kəndi ilə tanışlıq olub. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə, 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Artıq kənd sakinlərinin doğma yurdlarına qayıdışına başlanılıb.

Chosen
0
4
modern.az

8Sources