"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsinə start vermişik". Bu sözləri SİA-ya açıqlamasında AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.
Onun sözlərinə görə, bu layihənin ilk mövzusu olaraq ilk qidamız körpələr üçün nəzərdə tutulan ana südü ilə başlamaq nəzərdə tutulub: "Layihənin də məqsədi hamilə qadınlara və süd verən analara ana südünün faydaları ilə bağlı məlumatlar vermək, onları maarifləndirmək, mümkün qədər daha geniş auditoriyaya çatmaqdır.
Ana südü bankı beynəlxalq təcrübədə çox geniş yayılıb. Təcrübə göstərir ki, körpə doğulduqdan sonra körpənin çəkisində azalma baş verir. Bu, təbiidir. İlk ay ərzində 10%-ə qədər körpənin çəkisi azala bilər. Bu, onun bədənində baş verən su mübadiləsinin nəticəsində olur. Bu zaman analar da təşvişə düşür. Həkimlər də körpənin çəkisinin azalmasını gördükdən sonra süni qidalara keçid edirlər. Beynəlxalq təcrübədə bu, daha azdır. Çünki süd bankçılığı məsələsi ilə bağlı və bizim ölkəmizdə də bu təcrübə mövcuddur ki, "süd anası" təcrübəsi olub. Müəyyən səbəblərdən ana südü olmaya bilər. Bu zaman süni qidaya yox, "süd anası"na müraciət olunması körpənin sağlamlığı üçün daha vacibdir, nəinki süni qidaya keçid.
Beynəlxalq təşkilatların və Ümumdünya Səhiyyə Təşkilatının, bu sahənin peşəkarları tərəfindən tövsiyə olunur ki, ilk 6 ay ərzində yalnız ana südü qəbul olunmalıdır. Ondan sonra digər əlavə qidalarla, hər birinin vaxtında tətbiqi ilə iki yaşına qədər ən az uşaqlar ana südü ilə qidalanmalıdırlar".