EN

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “ConstructionTech Incubation” layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə təşkil olunan SSJ (Student Startup Journey) tələbə startap düşərgəsi başa çatıb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Startap düşərgəsinin bağlanış mərasimində çıxış edən universitetin İnnovativ biznes inkubator bölməsinin rəhbəri Rasim Abdullayev layihə barədə iştirakçılara ətraflı məlumat verib. O, layihə çərçivəsində həyata keçirilən SSJ tələbə startap düşərgəsindən danışıb. Bildirilb ki, 2 ay davam edən düşərgə müddətində 10 təlimçi tərəfindən 20 təlim sessiyası keçirilib, əlavə olaraq 3 ekspertin iştirakı ilə ustad dərsləri təşkil olunub. Təlimlərə ümumilikdə 199 tələbə qeydiyyatdan keçsə də, onlardan 101-i seçim mərhələsini uğurla tamamlayaraq iştirak hüququ qazanıb. Müxtəlif meyarlar əsasında aparılan qiymətləndirmələr nəticəsində 64 tələbə ilə təlimlər davam etdirilib. Sonda düşərgəni 31 tələbə uğurla, 8 tələbə isə yalnız iştirakçı kimi bitirib. R.Abdullayev layihənin növbəti mərhələsi barədə də məlumat verib.

Mərasimdə universitetin elm və innovasiya üzrə prorektoru professor Nigar Aslanova, İRİA-nın nümayəndəsi Nigar Abdullayeva layihənin gedişatı ilə bağlı təəssüratlarını bölüşüblər.

Daha sonra layihə iştirakçıları münsiflər heyəti qarşısında çıxış ediblər. Qiymətləndirmə meyarlarına əsasən, üç iştirakçı - AzMİU-nun ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi Əminə Əsədova, dizayn və texniki estetika ixtisaslaşması üzrə birinci kurs magistrantı Rza Əskərov və Layihələrin idarə edilməsi kafedrasının ikinci kurs magistrantı Selcan Quluzadə 1000 AZN məbləğində mükafatlandırılıb.

 

Chosen
0
6
azertag.az

7Sources