SSRİ tarixinin çox hissəsi təhriflərdən, yalanlardan, manipulyasiyalardan ibarət olduğu kimi, II dünya müharibəsində də bir çox təbliğat xarakterli, əldədüzəldilmə miflər yaradılıb.
O cür saxta əfsanələrdən biri də Reyxsataqa ilk bayraq sancan sovet əsgərləri barədədir. Heç demə, 1945-ci ilin aprel ayının 30-da Hitler Almaniyasının paytaxtı Berlindəki Reyxstaq binasına bayrağı rus Yeqorov və gürcü Kantariya yox, qazax Rəhimcan Koşkarbayevlə Qriqori Bulatov sancıb.
1924-cü ildə indiki Astana şəhərinin yaxınlığındakı Taytobe kəndində anadan olan Rəhimcan Koşkarbayevin bəxti uşaqlıqdan pis gətirib. O, 4 yaşında anasını itirib, 13 yaşında atası Stalin repressiyasına qurban gedib. Yetim qalan oğlan uşaq evinə düşüb. O, məhz orada möhkəm və nizam-intizamlı olmağı öyrənib. Bu keyfiyyətlər sonradan döyüş meydanında onun karına gəlib.
II dünya müharibəsi SSRİ ərazisinə keçəndə Koşkarbayevin cəmi 17 yaşı olub. O, 1943-cü ildə Kokçetavda hərbi kurslara daxil olub, sonra Frunzedəki piyada məktəbinə keçib və 1944-cü ilin payızında oranı bitirərək zabit rütbəsi alıb.
Rəhimcan 1-ci dərəcəli “Vətən müharibəsi” ordenini bir şücaətə görə deyil, bir sıra uğurlu döyüş əməliyyatlarına görə alıb. Onun taqımı Oderi keçib, düşmənin müdafiəsini yarıb, digər bölmələrin irəliləyişini təmin edib. Oderdən Berlinin mərkəzinə qədər bir neçə həftə davam edən döyüşlərdə Koşkarbayevin komandirlik etdiyi döyüşçülər 200-ə yaxın düşmən əsgərini məhv ediblər, 180 əsgəri əsir götürüblər. Aprelin 30-da Koşkarbayevə yeni yapşırıq verilib: Reyxstaqda alayın bayrağını qaldırmaq.
Sonradan onun barəsində çəkilən “Qələbə əsgəri. Rəhimcan Koşkarbayev” adlı (bu adda Jukova aid “qələbə marşalı” ifadəsinə göndərmə var) qısametrajlı sənədli filmdə Koşkarbayev xatırlayır:
“Batalyon komandirimiz Davıdov mənə yaxınlaşıb pəncərəni göstərdi və dedi: “Reyxstaqı görürsən? Lazımi adamları yığ, ora bayraq sancacaqsan”. O, mənə qara örtüyə bükülmüş bir bayraq verdi. Pəncərədən sıçrayıb irəli cumduq və tezliklə sıx atəşə tutulduq. Yanımda yalnız Bulatov qalmışdı. Suyla dolu xəndəyin içində uzanmışdıq. Qriqori Bulatov ded: “Yoldaş leytenant. Gəl bayrağın üzərinə adlarımızı yazaq”. Kimyəvi karandaşdan istifadə edərək cızdıq: “674-cü alay, 1-ci batalyon, Lt. Koşkarbayev, qırmızı ordu əsgəri Bulatov”. Qaranlığa qədər orada qaldıq və artilleriya atəşi başlayanda binaya girdik. Mən Bulatovu ayaqlarından tutaraq yuxarı dırmaşdırdım və bayrağı ikinci mərtəbədə qaldırdıq”.
Bununla belə, partiya rəhbərliyinin təsdiq etdiyi rəsmi versiyada göstərilib ki, Reyxstaqda qələbə bayrağı mayın 1-də Mixail Yeqorov və Meliton Kantariya tərəfindən qaldırılıb. Bütün Sovet İttifaqında tədris edilən tarix kitablarında da belə yazılıb. Yalnız uzun illərdən sonra məlum olub ki, bu həqiqət deyil və siyasi seçim olub: sovet konyukturasına görə qələbə bayrağını Reyxstaqa bir gürcü və bir rus asmalıydı. Çünki bu, gürcü əsilli ali baş komandanın başçılıq etdiyi rus ordusunun qələbəsidir. Sovet xalqına və dünyaya təqdim etmək üçün Kremlə belə bir mif lazım olub və onlar bunu süni şəkildə düzüb-qoşublar. Nəticədə qazax Rəhimcanın və Bulatovun haqqı yeyilib. Çünki 21 yaşlı leytenant Koşkarbayev qazaxdı, “xalq düşməni”nin oğluydu, yetimxana uşağıydı.
Ən pisi odur ki, çoxsaylı təqdimatlara baxmayaraq, ona sonradan da Sovet İttifaqı Qəhrəmanı adı verməyiblər, uzun müddət adı məktəb dərsliklərində, rəsmi salnamələrdə çəkilməyib.
Rəhimcanın hekayəsi sənət əsərləri vasitəsilə gözlənilməz şəkildə təsdiqini alıb. Qazaxıstanlı jurnalist Kakimcan Kazıbayev Rəhimcan Koşkarbayevin şücaəti haqqında “Reyxstaq üzərində bayraq ucaldan qazax” adlı esse yazıb və bu məqalə qələbədən 13 il sonra, 1958-ci il fevralın 21-də nəşr olunub.
1965-ci ildə qazaxıstanlı kinorejissor Asılbek Nuqmanov qazaxıstanlıların müharibədə iştirakına həsr olunmuş “Vətənin çağırışı ilə” sənədli filmini təqdim edib. O filmdə Reyxstaqda qırmızı bayrağı ilk dəfə qaldıranın Rəhimçan Koşkarbayev olduğu bildirilib.
Nuqmanov film üçün sənədli materialları “Berlin fırtınası” filminin müəllifi, əfsanəvi cəbhəçi kinematoqraf Roman Karmendən alıb. Məhz Karmen ona bayrağl Reyxstaqa sancan döyüşçünün qazax olduğunu deyib və əlavə edib: “Bu barədə heç kimə demə. Sərəncam var idi: bayrağı gürcü və rus qaldırmalıdır”.
Ancaq Nuqmanov əldə etdiyi materialların filmə daxil edilməsində israr edib. Həmin kadrlar “Berlin fırtınası”nın son variantından kəsilib, arxivdə qorunub saxlanılıb.
Müharibə başa çatdıqdan sonra Rəhimcan mülki həyata qayıdıb. 1947-1967-ci illərdə Akmola vilayət icraiyyə komitəsində işləyib, daha sonra Qazaxıstan SSR Nazirlər Soveti yanında köçürmə idarəsinin baş inspektoru vəzifəsini tutub, sonrakı illərdə isə “Alma-Ata” mehmanxanasına rəhbərlik edib.
O, “Qələbə bayrağı” və “Fırtına” adlı iki kitab yazıb, burada cəbhədəki hadisələrdən və yaşadıqlarından bəhs edib.
Koşkarbayevə və onun silahdaşı Qriqori Bulatova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi təşəbbüsü tanınmış şəxsiyyətlər – Bauyrjan Momışuli, jurnalist və Qazaxıstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloqu Kakimjan Kazıbayev tərəfindən irəli sürülüb. Hətta Qazaxıstan KP MK-nın birinci katib Dinmuhamməd Kunayev bu barədə Leonid Brejnevə şəxsən müraciət edib. Amma ona cavab verilməyib.
Haqsızlıq Koşkarbayevi nə qəzəbləndirib, nə də sındırıb, sona qədər təvazökarlığını, təmkinini qoruyub. O, özü üçün yox, taleyi faciəli olan Bulatova qəhrəman adının verilməsi üçün dəfələrlə müraciət edib.
Tarixi ədalət yalnız Qazaxıstan müstəqillik əldə etdikdən sonra bərpa olunub. 1999-cu ildə Rəhimcan Koşkarbayev ölümündən sonra Qazaxıstan Respublikasında ən yüksək fərqlənmə dərəcəsi olan “Xalıq Kaharmanı” adına layiq görülüb.
Bu gün küçələr onun adını daşıyır, onun şücaəti məktəblərdə öyrənilir, xatirəsi ictimai şüura qayıdır.
Koşkarbayevə qarşı yol verilmiş ədalətsizlik milli hissləri oyaq olan qazax ziyalılara pis təsir edib. Onlar bu haqsızlığı SSRİ-nin başqa millətləri xor görməsinə, rusları və gürcüləri “titullu xalq” saymaq siyasətinə bağlayıblar.
II dünya müharibəsində isə 100 mindən çox qazaxıstanlı həlak olub. Qazaxıstanın yerli əhalisi arasında ümumilikdə 500 Sovet İttifaqı Qəhrəmanı olsa da, onlardan yalnız 98-i etnik qazaxdır.
Ən məşhur qazax döyüşçü isə Baurjan Momışuli olub. Koşkarbayevlə şəxsi həyatda dost olan Momışulinin müharibədəki rəşadəti Kuba inqilabçısı Fidel Kastronun qulağına çatıb. O, ordusunu Bauyrjan Momışulinin kitabından istifadə edərək hazırlayıb və onu Kubaya dəvət edib.
SSRİ haqq yeyən, gizli rus şovinizminə söykənən dövlət olub. İndi də həmin siyasət davam edir, nasizm üzərində qələbə artıq Moskva tərəfindən tam olaraq “rus qələbəsi” elan edilib.
Araz Altaylı, Musavat.com