EN

Ali Məhkəmədə icra məmuru işləyəndə həbs edilmişdi, bəraət aldı – Elçilik üçün 1550 manat…

Ali Məhkəmədə icra məmuru işləmiş şəxs dələduzluqda ittiham olunaraq həbs edilib. Məhkəmə həmin şəxsə bəraət verib və məhkəmə zalında həbsdən azad edib.

Ulusal.az xəbər verir ki, söhbət 1986-cı il təvəllüdü Ceyhun Mehdilinin cinayət işindən gedir.

İttihama görə, Ceyhun Mehdili tanışı Mədət Əliyevdən 10 min manat pul alaraq Ali Məhkəmədəki məhkəmə işinin həll edilməsinə köməklik göstərəcəkmiş.

Zərərçəkmiş şəxs kimi tanınmış Mədət Əliyev ifadəsində deyib ki, Ceyhunu məhkəmə binasında olan zaman həmyerli kimi tanıyıb və aralarında yaxın münasibət yaranıb. O, hüquq-mühafizə orqanlarından xaric edildiyi üçün məhkəməyə üz tutaraq işə bərpa olunmaq istəyirmiş. Lakin bundan 11 ildən artıq müddət keçdiyi üçün məhkəmə onun müraciətini icraata qəbul etməyib.

Mədət Əliyevin iddiasına görə, Ceyhun Mehdili 10 min manata bu işi həll edəcəyini deyib. Mədət Əliyevin dediyinə görə, Ceyhun qardaşı Turalın Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsində işlədiyini deyibmiş.

Mədət Əliyev həmçinin əlavə edib ki, Ceyhun və anası ondan əlavə olaraq 1550 manat pul alıblar. Bu epizod olduqca maraqlıdır. Mədətin dediyinə görə, tanış olduğu bir xanıma elçi getməsi üçün Ceyhundan xahiş edibmiş. Ceyhun da anasını elçi göndərəcəyi adı ilə Mədətdən 1550 manat pul alıbmış.

Ceyhun ifadəsində Mədət Əliyevin dediklərinin yalan olduğunu bildirib. Ceyhunun sözlərinə görə, Mədətlə tanış olduqdan sonra ona məhkəmədəki işinin alınmasının mümkünsüz olduğunu deyib.

“Mədətə işin alınmayacağını dedim. Buna görə görüşməmişik, pul almamışam. Mədət torpaq satırdı. Mən də həmin torpağı almaq üçün ona 500 manat beh verdim. Əmimlə torpağa baxmağa gedəndə bir qadın bizi oradan qovaladı. Dedi ki, torpaq onundur. Sonra mən Mədətdən pulumu istədim. 500 manatımı qaytarmadı. Bundan sonra məndən, qardaşımdan, anamdan şikayətlər etməyə başladı.

Mədətin işi 2019-cu ildə məhkəmədə idi. Amma bu işə görə 2022-ci ildə şikayət etməyə başlayıb. Niyə bu vaxta qədər şikayət etmirdi?”

Məhkəmə istintaqı zamanı Mədətin ifadələrində ziddiyyətlər aşkar edilib. O, pulu gah Ceyhuna, gah da qardaşı Turala verdiyini deyib. O, pulu verən zaman yanında şahidlərinin olduğunu da bildirib. Məhkəmədə həmin şahidlər də dindirilən zaman ziddiyyətlər müəyyən edilib. Onlar da pulun Ceyhuna və ya Turala verilməsi ilə bağlı fərqli fikirlər bildiriblər. Həmçinin Mədətin 3 il sonra şikayət etməsi də məhkəmədə şübhə yaradıb. Mədət pulu Ceyhuna və ya qardaşı Turala verməsini sübut edəcək dəlillər təqdim edə bilməyib.

Məhkəmə Ceyhunu bu işdə təqsirli bilməyib və onun barəsində bəraət hökmü çıxarıb. Ceyhun məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ceyhun başqa bir dələduzluq cinayəti üzrə təqsirli bilinərək 2024-cü ildə azadlığın məhdudlaşdırılması cəzası alıb.Musavat.com

Chosen
0
1
moderator.az

2Sources