Məşhur türkiyəli mütəxəssis, geofizika mühəndisi Ahmet Ercan Bosniya və Herseqovinada səfərdə olarkən bel ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib və orada olarkən insult keçirib.
Oxu.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə o, sosial media hesabında açıqlama verib.
Ahmet Ercan hazırda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda müşahidə altında saxlanıldığını bildirib.
“Bosniya və Herseqovinada onurğa beyni boyunca boyundan bel nahiyəsinə qədər bel ağrıları və 22/12 qan təzyiqi ilə təcili yardım maşınında Sarayevo Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirildim. 10 gün əvvəl ürəyimə stent qoyulmuşdu. 3 saatlıq tibbi müdaxilə ilə təzyiqim 13/7.5-ə endirildi. Sonra insult keçirdim. Hazırda Sarayevoda müşahidə altında dincəlirəm. Maraqlanan kardioloqlara, dostlarıma, yaxınlarıma təşəkkür edirəm”, – deyə o qeyd edib.
Bildirək ki, Ahmet Ercan Türkiyədə baş verən zəlzələlərlə bağlı verdiyi maraqlı proqnozları və xəbərdarlıqları ilə də tanınır.