EN

"ASAN xidmət" "ZİRVƏ" idarəçilik marafonuna start verib

“ZİRVƏ - Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, layihə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır.

Məqsəd Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış edib və marafonun əhəmiyyətindən danışıblar.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin idarəetmə sahəsində həyata keçirdiyi tədbirlər və çoxşaxəli islahatlar ölkəmizin tərəqqisinə əsaslanıb.

Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunan, idarəetmə və liderlik mövzusunu əhatə edən eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub.

Sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb.

Layihəyə əsasən 6 may - 6 iyulda müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” görüşlərində və “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzularında təlimlərdə, "ASAN xidmət" təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək.

Həmçinin işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil ediləcək və “Təəssüratlar toplusu” onlayn kitabı nəşr olunacaq.

Foto: Mircavid Eminoğlu

Chosen
0
7
report.az

10Sources