EN

Tramp administrasiyası Harvardı hədəfə alıb

BAKI, TurkicWorld

Harvard yeni federal maliyyə almayacaq.

TurkicWorld xəbər verir ki, ABŞ Təhsil Departamenti Harvard Universitetinə yeni federal maliyyələşdirmənin yalnız müəyyən tələblər yerinə yetirildikdən sonra veriləcəyini açıqlayıb. Qərar Prezident Donald Tramp administrasiyasının tövsiyələrinə əsaslanaraq qəbul edilib.

Təhsil naziri Linda Makmahon bu barədə Harvard Universitetinin rəhbərliyinə məktub ünvanlayaraq, ali məktəbin ölkənin ali təhsil sisteminə etinasız yanaşdığını və müəyyən hallarda “ölkəyə nifrət bəsləyən əcnəbi tələbələri qəbul etməklə” bu sistemi lağa qoyduğunu bildirib.

Makmahon Harvardın qanuni və etik öhdəliklərə, şəffaflıq prinsiplərinə və akademik ciddiyyətə əməl etməkdə uğursuz olduğunu vurğulayıb. O, universitetin millətin ideallarına uyğun fəaliyyət göstərməli olduğunu, lakin bu dəyərlərə xəyanət etdiyini qeyd edib.

Departament rəsmiləri mətbuat konfransında bildiriblər ki, qərar yalnız federal tədqiqat qrantlarını əhatə edir, tələbələrə ayrılan təhsil yardımları isə bu məhdudiyyətə daxil deyil.

Qeyd edək ki, federal hökumət son dövrlər Fələstinə dəstək aksiyaları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına görə Harvard da daxil olmaqla bir neçə universitetin maliyyəsini dondurmaqla hədələyib. Bu çərçivədə Harvard üçün nəzərdə tutulan 2,2 milyard dollarlıq maliyyə və 60 milyon dollarlıq müqavilə ödənişlərinin dondurulması qərara alınıb.

Harvard Universiteti bu qərarı qanunsuz hesab edərək Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. Tramp isə Truth Social platformasında universitetin “vergidən azad statusunun ləğv ediləcəyini” bildirib.

Lakin ABŞ mətbuatına danışan hüquq ekspertləri qeyd ediblər ki, Prezidentin qeyri-kommersiya təşkilatlarının vergi imtiyazlarını ləğv etdirməsi qanunla qadağandır. 1998-ci ildə qəbul edilmiş qanuna əsasən, Prezidentin bu cür müdaxilə etməsi Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı birbaşa və ya dolayı şəkildə təzyiq kimi qəbul olunur və qanunsuzdur.

Chosen
0
turkic.world

1Sources