EN

Hindistan-Pakistan gərginliyində hansı qüvvələr maraqlıdır? - OLAY AÇIQLAMA

"Hindistanla Pakistan arasındakı gərginliyə dərindən yanaşanda həm bu münaqişənin açıq müstəviyə çıxmasından, həm də daha dəhşətli müharibə formasına çevrilməsindən istifadə etmək istəyən qüvvələrin olduğu görünür". 

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, burada birinci növbədə Hindistan hakimiyyətinin və oradakı daxili siyasi reallıqların belə bir qarşıdurmada maraqlı olduğunu qeyd etmək lazımdır:

"Hazırda Hindistanda gedən proseslər hakimiyyətin Pakistanla münasibətləri gərginləşdirməkdə maraqlı olduğunu sübut edir. Hindistan Kəşmirin işğalını qanuniləşdirmək və bunu dünyaya qəbul etdirmək istəyir. 

Halbuki Kəşmirin taleyinin birtərəfli şəkildə Hindistan tərəfindən həll olunması yolverilməzdir. Üstəlik, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) hər iki dövlətin rəyini vacib hesab edən qətnamələri var. Hindistan Pakistanla gərginlik yaratmaqla Kəşmirin ilhaqı prosesini dünyaya qəbul etdirməyi hədəfləyir".

372801

Onun sözlərinə görə, Hindistanla Pakistan arasındakı münasibətlərin kəskinləşməsindən müəyyən dövlətlər də istifadə edə bilər:

"Dünyada silah satmaqda maraqlı olan ölkələr adıçəkilən iki ölkə arasında müharibənin başlamasını istəyir. Bura dünyanın silah istehsalının əhəmiyyətli hissəsini təşkil edən müəyyən ölkələr daxildir. Həmçinin, burada BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dağılmasında maraqlı qüvvələr də ola bilər. 

Çünki Hindistan və Pakistan bu təşkilatların aparıcı qüvvələrindəndir. Aydın məsələdir ki, onlar arasında münaqişə yaranması hər iki təşkilatın effektivliyini xeyli dərəcədə aşağı salacaq. Çini neytrallaşdırmaq istəyən bəzi qüvvələr də Kəşmirdə hərbi əməliyyatların qızışdırılmasına müəyyən mənafelər güdürlər. Çünki Pakistanla Çinin əsas iqtisadi əməkdaşlığı Kəşmir üzərindən keçir. Kəşmirdə baş verəcək müharibə tərəflər arasındakı ticarətə mənfi təsir göstərəcək".

Aydın Quliyev hesab edir ki, Mərkəzi Asiya ölkələrində sabitliyin olmasını istəməyən beynəlxalq dairələr də bu istiqamətdə addımlar ata bilər:

"Nəzərə almaq lazımdır ki, Hindistan-Pakistan arasında müharibənin başlaması dolayı yolla Mərkəzi Asiyanın türk dövlətlərinə də öz təsirini göstərəcək. Yəni bu iki ölkə arasındakı münasibətlərin gərginləşməsi çox sayda dövlətə həm müsbət, həm də mənfi təsir göstərnək gücünə malikdir. Üstəlik, istər Hindistanın, istərsə də Pakistanın nüvə dövləti olduğunu da unutmaq olmaz. Çünki onlar arasında başlayacaq müharibə bütün dünya üçün böyük bir fəlakətə çevrilə bilər".

Pərviz

Chosen
0
30
hit.az

10Sources