EN

Təhlükəli oyun: yeniyetmələr məhz bu klublarda pis yola düşürlər - SOS siqnalı

BAKI, 6 may. TELEQRAF

Oyun həvəskarlarının sevimli məkanlarından biri “Playstation” klublardır. Müxtəlif oyunlar təqdim edən bu məkanlardan fərqli məqsədlər üçün də istifadə edildiyi iddialar olunur. Elə bu yaxınlarda Bakıda və regionlarda fəaliyyət göstərən "Playstation" klublarında azyaşlıların seksual münasibətləri və cinsi zorakılıq hadisələri ilə bağlı məlumatlar yayılmışdı.

Məsələ ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) sədri Kəmalə Ağazadə Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Baş Prokurorluq və uşaq müdafiəsini həyata keçirən, profilaktik iş aparan, asayişi qoruyan dövlət qurumlarına müraciət etmişdi.

Oyun sevərlərin məkanı olan "Playstation" klublarında doğrudanmı belə hadisələr baş verir? Bu kimi halların qarşısı necə alınmalıdır? Ümumiyyətlə, “Playstation” klubları necə fəaliyyət göstərir? Onlara hansı qurumlar nəzarət edir?

AUİB-in sədri Kəmalə Ağazadə Teleqraf-a açıqlamasında bildirib ki, “Playstation” klubları ilə bağlı SOS siqnalını çalmasının yetərli səbəbi var. Onun sözlərinə görə, sığınacağa gələn qızların bir neçəsi sosial şəbəkələr üzərindən tanışlıqlar qurublar:

“Onların yeniyetmələrlə, gənclərlə görüşləri, münasibətləri həmin “Playstation” klublarında baş tutub. Bu səbəbdən də mən bu klubların nəzarətə götürülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etmişəm".

Hazırda AQUPDK Bakı və regionlarda fəaliyyət göstərən "playstation" klublarında araşdırma aparır. Bunu bir müddət öncə Teleqraf-a açıqlamasında AQUPDK-nin sədri Bahar Muradova demişdi.

Onun sözlərinə görə, ekspertlər və digər müvafiq nümayəndələr uşaqların oyun oynadıqları müxtəlif salonlara baxış keçirir və onların standartlara uyğun olub-olmadığını, eləcə də oradakı problemləri araşdırırlar:

"Əgər kimsə bu kimi hallarla rastlaşsa, yaxud bununla bağlı informasiya əldə etsə, öncə Komitəyə və müvafiq orqanlara məlumat versin. Mətbuata məlumat verməzdən əvvəl Komitəyə bildirin ki, biz işi görək və nəticəsi barədə informasiya verək", - B. Muradova vurğulayıb.

“Playstation” klubları necə açılır?

“Playstation” klublarının necə fəaliyyət göstərməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, bu cür məkanlara lisenziya verilmir. Kim istəsə lisenziyasız “Playstation” klub aça bilər.

Oyun zallarına nəzarət edilirmi?

AQUPDK-dən bildirilib ki, müasir dövrdə uşaqların kompüter və elektron oyunlara olan marağı artdıqca müxtəlif oyun zallarının da sayı günbəgün artmaqdadır. Ölkə ərazisində kompüter və elektron oyunlar müvafiq qanunvericiliyə uyğun şəkildə yayılmalıdır.

Uşaqların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli Qanunla tənzimlənir. 2020-ci ildə qüvvəyə minən Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

“Zərərli informasiya dedikdə, uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat - media məhsulları, audiovizual məhsullar, kompüter və elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları nəzərdə tutulur.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən və müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya olmaqla 2 qrup üzrə dəqiq təsnifatlaşdırılıb. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, eyni zamanda pornoqrafik xarakterli informasiya aiddir. Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya zorakılığı və qəddarlığı nümayiş edən, qorxu məzmunlu, qeyri-məişət leksik məzmunlu, eyni zamanda erotik məzmunlu informasiya aiddir”, -Komitədən bildirilib.

Komitədən qeyd edilib ki, bu Qanunun icrasına nəzarət həm dövlət, həm də ictimai nəzarət formalarında həyata keçirilir.

"Bu məsələdə dövlət qurumları ilə yanaşı qeyri-dövlət qurumları, böyükdən-kiçiyə bütün vətəndaşlar, xüsusən də valideynlər, müəllimlər, yetkinlik yaşına çatmayanlarla birbaşa çalışan şəxslər öz dəstəyini əsirgəməməli, bu prosesin iştirakçısına çevrilməli, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması hallarında Dövlət Komitəsinə və aidiyyəti qurumlara məlumat verməlidir”, - Komitə bildirib.

Qeyd edilib ki, Qanunun 5.3-cü maddəsinə əsasən informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

"Belə ki, yayılan bütün informasiya məhsulları, o cümlədən oyun zallarında təqdim olunan oyunlar Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”-na əsasən yaşa görə təsnifatlaşdırılmalıdır.

Eyni zamanda Qanunun 4.4-cü maddəsinə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının onların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir".

Oyun zallarında uşaqların zərərli informasiyadan qorunması məqsədilə hansı tədbirlər görülməlidir?

Komitədən verilən cavaba görə, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları AR İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” - ın 31-ci bəndinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında müvafiq qurumlar adından nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən protokol tərtib edilir.

Bakıda müraciət etdiyimiz "Playstation" klubların bəziləri "Müdirimiz burda yoxdur, biz də işçiyik, heç bir söz deyə bilmərik" dedi, bəziləri ümumiyyətlə suallarımızı cavablandırmaq istəmədi, biri də "bura gələn əsasən məktəblilərdir, onlar olmasa biz batarıq" deməklə kifayətləndi.

Chosen
0
teleqraf.com

1Sources