ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Tramp Qrenlandiyanı Birləşmiş Ştatlara birləşdirməkdə israrlıdır - qeyd edək ki, Ağ Evin rəhbəri NBC kanalına müsahibəsində Qrenlandiya ilə bağlı məsələyə aydınlıq gətirərkən adanı ABŞ-a ilhaq etmək üçün hərbi gücdən istifadə edə biləcəyini istisna etməyib. Tramp bildirib ki, bu ada ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır: “Bizə Qrenlandiya çox lazımdır. Qrenlandiyada çox az sayda insan yaşayır, biz onların qayğısına qalacağıq. Lakin beynəlxalq təhlükəsizlik üçün buna ehtiyacımız var”, - deyə Tramp vurğulayıb. Xatırladaq ki, Tramp yerli mətbuata bundan əvvəlki açıqlamalarında da bəyan edib ki, Vaşinqtonun Qrenlandiyanı ABŞ-a birləşdirmək üçün hərbi gücdən istifadə etməsi istisna deyil. Eyni zamanda, Tramp Kanada ilə bağlı da eyni fikirləri səsləndirib, amma bu məsələdə hərbi gücdən istifadəni istisna edib - o, müsahibəsində qeyd edib ki, Vaşinqtonun nə vaxtsa Kanadanı Birləşmiş Ştatlara birləşdirmək üçün hərbi güc tətbiq edəcəyinə inanmır. Tramp, həmçinin əlavə edib ki, Kanada ABŞ-ın “51”-ci ştatı olacağı təqdirdə Kanada xalqı Birləşmiş Ştatların tərkibində avtomobil, alüminium, tikinti, energetika və digər biznes sahələrində böyük və geniş imkanlara sahib olacaqlar.
Qrenladiya Trampı niyə bu qədər maraqlandırır?
Dünyanın nüfuzlu “CASTO” analitik mərkəzinin son hesablamalarına görə, Arktikada buzlaqların əriməsi nəticəsində yaxın gələcəkdə Qrenladiyanın həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyəti artacaq, yəni Şimal Buzlu və Atlantik okean arasında yerləşən bu böyük ada beynəlxalq güc mərkəzlərinin diqqət mərkəzinə çevriləcək. Qrenlandiyanın nə dərəcədə geostrateji cəhətdən önəmli olmasını bir neçə amillə qiymətləndirmək olar: Birincisi, adanın mühüm beynəlxalq logistik marşrutun üzərində yerləşməsi, ikincisi, istismar olunmayan neft-qaz ehtiyatları ilə zəngin olması və üçüncüsü, milli, regional və beynəlxalq təhlükəsizliyin təminatında xüsusi rola malik olması Qrenlandiyanı diqqətdən kənar qoya bilməz. Məhz bu amillərə görə, Arktikanın bir parçası olan bu ada Tramp administrasiyasının xarici siyasət proqramında iqtisadi-siyasi və hərbi-təhlükəsizlik baxımından ilkin strateji prioritet hesab olunur. Bəzi beynəlxalq ekspertlərin fikrincə, Tramp Qrenlandiya məsələsində daha çox təhlükəsizlik faktorlarına diqqət yetirir, yəni ABŞ rəhbəri hesab edir ki, nə zamansa Rusiya və Çin tərəfindən bu adadan ABŞ-ın sabitliyinə və təhlükəsizliyinə qarşı təhlükəli addımlar atıla bilər. Ekspertlər onu da iddia edirlər ki, Tramp ABŞ-ın Qrenlandiya üzərində siyasi, iqtisadi və hərbi nəzarətini tam şəkildə gücləndirməklə yanaşı adanı ABŞ-ın kosmik və ballistik raketlərinin sınaq mərkəzinə çevirmək niyyətindədir. Qeyd edək ki, İkinci Dünya müharibəsindən bəri Qrenlandiyada ABŞ-ın hərbi bazaları mövcuddur. Vaşinqton tam olmasa da, bir növ bu ada üzərindən öz təhlükəsizliyini təmin edir. Xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, mart ayının sonunda ABŞ vitse-prezidenti Ceyms Devid Vens, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, energetika naziri Kris Rayt və respublikaçı senator Mayk Li Qrenlandiyaya səfər ediblər. Onların təyyarəsi Qrenlandiyanın şimalında yerləşən ABŞ-ın Pituffik aviabazasına eniş edib. Bu səfər ekspertlər tərəfindən Vaşinqtonun Qrenlandiyada öz hərbi-strateji mövqeyini möhkəmləndirmək istiqamətində addımı kimi qiymətləndirilir.
Tramp Qrenlandiyada hərbi güc tətbiq edərsə...
Bir çox ekspertlər Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək üçün hərbi gücdən istifadəni qeyri-mümkün hesab edirlər. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu versiya qeyri-real görünür. “Bu adada ABŞ-ın hərbi bazaları, xüsusilə də 1951-ci ildə ABŞ ilə Danimarka arasında imzalanan sazişə əsasən ABŞ-ın Pituffik aviabazası fəaliyyət göstərir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ABŞ və Danimarka NATO-nun üzvüdürlər, hərbi müttəfiqdirlər”. Ekspertin fikrincə, Tramp bu təhlükəli addımı atmayacaq: “Əgər belə bir hal baş verərsə, bu, nəinki ABŞ-Danimarka münasibətlərinə, hətta ABŞ-Avropa münasibətlərinə çox ağır zərbə vuracaq. ABŞ-ın Trans-Atlantik məkanda etibarlı tərəfdaş statusu, habelə beynəlxalq səviyyədə siyasi nüfuzu sıfıra enəcək. Kanada daxil olmaqla Avropadakı müttəfiq ölkələr ABŞ-dan üz döndərəcəklər. Tramp nə qədər sərt dildə danışsa da, bütün bu halları nəzərə alır”.
Tramp Kanadaya təzyiq etməyə çalışır
“Kanadaya gəlincə isə Trampın öz qonşusuna qarşı ritorikası qismən yumşaq görünür. Tramp bəyan edir ki, əgər Kanada ABŞ-ın “51”-ci ştatı olarsa, Kanada xalqı böyük imkanlar əldə edəcək, amma onu da bildirir ki, bu, məcburi deyil və ABŞ bu istiqamətdə güc taktikasından istifadə etməyəcək. ABŞ-Kanada münasibətlərinin daha da gərginləşəcəyini düşünmürəm. Çünki Tramp bu yaxınlarda Liberal Partiyasının rəhbəri Mark Karnini Kanadanın baş nazir seçilməsi ilə münasibətilə təbrik edib. Karninin yaxın zamanda Vaşinqtona rəsmi səfəri də gözlənilir. Ümumiyyətlə, Kanadanın ABŞ-a birləşməsi qeyri-mümküdür. Kanadada aparılan son sorğulara görə, Kanada xalqının böyük əksəriyyəti Kanadanı müstəqil dövlət kimi görmək istəyir. Tramp sadəcə olaraq, siyasət yürüdür - onun Kanadaya qarşı yumşaq ritorikasının arxasında əsas hədəf öz tələblərinin Ottava tərəfindən yerinə yetirilməsini təmin etməkdir,” - deyə S.Zahidov vurğulayıb.
Yunis ABDULLAYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.