ABŞ Prezidenti Donald Trampın administrasiyası könüllü olaraq ölkəni tərk etməyə qərar verən qeyri-qanuni mühacirlərə 1000 dollar mükafat ödəməyə hazırdır.
FED.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatında bildirilir.
"Departament öz ölkələrinə qayıtmaq üçün “CBP Home” mobil tətbiqi vasitəsilə mükafat ödəməyi təklif edir. Bu proqramdan istifadə edən hər bir qeyri-qanuni immiqrant öz ölkəsinə qayıtması faktını təsdiqlədikdən sonra 1000 dollar mükafat alır", - məlumatda deyilir.
“Associated Press” agentliyi qeyd edir ki, immiqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində Tramp administrasiyası əvvəlki dövlət başçısı Cozef Baydenin dövründə hazırlanmış tətbiqi köklü şəkildə yeniləyib.
Son aylarda ABŞ Prezidenti qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə bir sıra sərt tədbirlər həyata keçirib. Xüsusilə, o, ABŞ-dan qeyri-qanuni mühacirlərin deportasiyasının intensivləşdirilməsi təşəbbüslərini təsdiqləyib. Tramp andiçmə mərasimindən qısa müddət sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib. (Azərtac)