ABŞ-nin Texas ştatında keçirilən referendum nəticəsində İlon Maskın uzun müddətdir planlaşdırdığı Starbase adlı yeni şəhərin yaradılması rəsmiləşib. Səsvermədə iştirak edən sakinlərin əksəriyyəti, əsasən “SpaceX” işçiləri və onların ailələri bu təşəbbüsə “bəli” deyərək yaşadıqları bölgənin yeni bir şəhərə çevrilməsinə dəstək veriblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, referendumda 283 seçicidən 218-i iştirak edib və yalnız 6 nəfər “xeyr” səsi verib.
Nəticələrin açıqlanmasının ardından İlon Mask “X” (keçmiş "Twitter") hesabında “Starbase, Texas artıq rəsmi bir şəhərdir” sözləri ilə qərarı elan edib.
Yeni yaradılacaq şəhərin rəsmi status qazanması üçün son mərhələ "Cameron County" Komissiyasının təsdiqidir. Əgər bu mərhələ də tamamlanarsa, “SpaceX”in yerləşdiyi ərazi artıq müstəqil idarəetməyə sahib olacaq.
Yeni şəhərin idarə heyəti də seçkilərlə müəyyən olunub. “SpaceX”in test və buraxılış bölməsinin vitse-prezidenti Bobby Peden Starbasenin ilk meri seçilib. İki komissiya üzvü də yenə “SpaceX” işçiləri arasından seçilib.
Hazırda bölgədə yaşayan 500 nəfərin 260-ı “SpaceX” işçiləri, digərləri isə onların ailə üzvləridir. Ancaq “SpaceX”in ümumi işçi sayı 3100-dən çoxdur və əksəriyyəti ərazidə kifayət qədər mənzil olmadığı üçün qonşu şəhərlərdə, əsasən Brovnsvilledə yaşayır.
Digər tərəfdən, Starbasenin yaradılması yerli əhalidə narahatlıq doğurub. Sakinlər təbiətin məhv edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılması və ictimai ərazilərin, xüsusilə Boca Çika çimərliyi və dövlət parkının bağlanmasından ehtiyat edirlər. “SpaceX”in buraxılış və logistika əməliyyatları zamanı bu ərazilər əvvəllər "Cameron Countinin" qərarı ilə müvəqqəti olaraq bağlanırdı. İndi isə Starbase rəhbərliyi həmin səlahiyyətləri birbaşa öz idarəsinə keçirmək istəyir. Yerli ictimaiyyət isə çimərlik və parkların ictimaiyyət üçün açıq qalmasını tələb edir.
Bəsti Rəfizadə
Sfera.az