Almaniyanın "Bayer 04" klubu "Bavariya"nın rekordunu təkrarlayıb.
"Report"un məlumatına görə, bu, Bundesliqanın XXXII turunda "Frayburq"la heç-heçə bitən oyunda (2:2) reallaşıb.
Leverkuzen təmsilçisi səfər matçlarında məğlubiyyətsizlik seriyasını 33-ə çatdırıb. Bununla da komanda Münhen klubunun 2012-ci ildən 2014-cü ilə qədər davam edən seriyasını təkrarlayıb. "Bayer 04" bu matçların 23-də qələbə, 10-da isə heç-heçə edib.
Qeyd edək ki, "Bayer 04" 32 turdan sonra 68 xalla ikinci pillədə qərarlaşıb. 76 xala malik olan "Bavariya" ötən tur "Leyptsiq"lə 3:3 hesabı ilə bitən matçdan sonra ölkə çempionluğunu rəsmiləşdirib.