EN

Sərkisyanın sülh etirafı, yaxud udulmayan loxmanın davası...

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs barədə danışıb. Sərkisyan qeyd edib ki, bu gün bir çoxları onu hərbi əməliyyatları davam etdirməmək, yeni torpaqlar işğal etməməkdə ittiham edir. Halbuki, məqsəd sadəcə yeni torpaqlar işğal etmək deyil, həm də bu torpaqları nəzarətdə saxlamaqdır ki, Ermənistanın 1994-cü ildə buna imkanı olmayıb:

“Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.

Sərkisyanın məlum açıqlaması Ermənistanın işğalçılıq siyasətinin etirafı, habelə, erməni toplumunun bu siyasəti davam etdirmək arzusunun göstəricisidir. Lakin bu etirafda ən çox diqqət çəkən məqam Ermənistanın 1994-cü ildə Azərbaycanla atəşkəs sazişini sülh istədiyi üçün deyil, yeni işğallar həyata keçirmək, xüsusilə də, ələ keçirəcəyi torpaqlara nəzarət etmək imkanının olmadığı üçün imzalamasıdır.

Sərkisyan açıq şəkildə bəyan edir ki, 1994-cü ildə Ermənistanın yeni işğal edilən torpaqları əldə saxlamaq imkanı olmayb və atəşkəs sazişini də məhz bu səbəbdən imzalayıblar. Başqa sözlə desək, Sərkisyanın etirafının digər mənası odur ki, Ermənistan mədəsinin həzm edəcəyindən daha böyük loxma yemək istəməyib və buna görə də bütün diqqətini yeni ərazilər işğal etməyə deyil, artıq işğal etdiyi Qarabağın həzminə yönəldib. Halbuki, Qarabağ loxmasının da Ermənistan mədəsi üçün hədsiz böyük olduğunu tarix sübut etdi və Ermənistan bu loxmanı 2020-ci ildə udduğu kimi geri qaytarmalı oldu.

Bir sözlə, Sərkisyanın açıqlamasından belə analaşılır ki, əgər Ermənistan 1994-cü ildə özündə yetərincə güc hiss etsəydi, o zaman hücumları davam etdirərək yeni ərazilər işğal etməyə səy göstərəcəkdi. Bu isə o deməkdir ki, 1994-cü ildə atəşkəs sazişinin imzalanması Ermənistan üçün istəkdən deyil, məcburiyyətdən irəli gəlib.

Şübhəsiz, erməni xisləti və onun terrora, təxribata olan sonsuz bağlılığın nəzərə alsaq, Sərkisyanın məlum açıqlamasında səmimi olduğunu və yalnız həqiqətləri dilə gətirdiyini əminliklə iddia etmək olar. Lakin Sərkisyan sözügedən açıqlamasında yalnız bir məqam haqqında məqsədli şəkildə susub ki, bu da 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tədricən toparlandığı, hətta həmin il düşmənə qarşı bir sıra uğurlu hərbi əməliyyatlar təşkil etməsidir. Sərkisyanın sadaladığı bütün digər amillərlə yanaşı, həm də bu amil Ermənistanı atəşkəs sazişi imzalamağa vadar etmiş, bununla da aktiv hərbi əməliyyatlara son qoyulmuşdu.

...Artıq işğal faktoru ortadan qalxıb. Azərbaycan vaxtiylə işğaldan azad edilən ərazilərdə böyük yenidənqurma işləri həyata keçirməkdə, tarixi yurd yerlərini abadlaşdırmaqdadır. Və bu gün Ermənistanın özü hər kəsin rahatlıqla udub, asanlıqla həzm edəcəyi loxmaya çevrilib. Elə bir loxmaya ki, rəsmi İrəvan udulmadığı hər anı Allahın yeni bir möcüzəsi, bənzərsiz lütfü hesab edə bilər.

Seymur ƏLİYEV

 

Chosen
0
moderator.az

1Sources