EN

Ekspert: Məqsədim maliyyə şəffaflığını və dayanıqlılığını artıran praktiki islahatlarla akademik anlayışlar arasında körpü yaratmaqdır

Bakı, 5 may, AZƏRTAC

Dövlət və İqlim Maliyyəsi Siyasəti üzrə aparıcı ekspert Ramil Abbasov AZƏRTAC-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Ramil bəy, siz həm dövlət qurumları, həm də beynəlxalq təşkilatlarla çalışmısınız. Dövlət və iqlim maliyyəsi siyasəti sahəsində peşəkar təcrübəniz haqqında bizə məlumat verə bilərsinizmi?

- Əlbəttə. Mənim dövlət maliyyə idarəetməsi (DMİ) və iqlim maliyyəsi sahəsində 14 ildən artıq təcrübəm var. Mən Asiya İnkişaf Bankı (AİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) kimi beynəlxalq qurumlarda milli ekspert və texniki məsləhətçi kimi bir sıra layihələrə cəlb olunmuşam. İşimin çox hissəsi iqlim riskinin fiskal sistemlərə inteqrasiyasına, “yaşıl büdcə”nin dəstəklənməsinə və Paris Sazişinə uyğun maliyyə planlamasını inkişaf etdirməyə yönəlib.

-Təhsil keçmişiniz və cari tədqiqat maraqlarınız haqqında bizə məlumat verin.

-Mən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr və Böyük Britaniyanın Şeffild Universitetində Maliyyə üzrə MBA dərəcəsi almışam. Mən, həmçinin Londondakı “Chartered Management” İnstitutunda Strateji idarəetmə və Liderlik üzrə magistr dərəcəsi qazanmışam. Hazırda mən ABŞ-da Corc Meyson Universitetində Dövlət idarəçiliyi üzrə magistr təhsili alıram və burada büdcə davamlılığı, genderə həssas büdcələşdirmə və iqlimə uyğunlaşma maliyyəsi ilə bağlı tədqiqatlarda fəal iştirak edirəm.

-Üzərində işlədiyiniz böyük layihələrdən nümunələr paylaşa bilərsinizmi?

- BMTİP-də mən Azərbaycan dövlət büdcəsini iqlimlə bağlı xərcləri izləməyə və uyğunlaşdırmağa kömək edən iqlim büdcəsinin etiketlənməsi (CBT) sisteminin dizaynını hazırlamışam. AİB-də mən “yaşıl xərclər”in təsnifatına nəzərə salaraq “Milli Yaşıl Büdcə” eksperti kimi beynəlxalq ekspertlərlə birlikdə çalışmışam. Hazırda mən George Mason Universitetində elektrikləşdirilmiş ictimai nəqliyyat sistemləri üzrə NSF tərəfindən maliyyələşdirilən 1,5 milyon dollarlıq tədqiqat layihəsinə töhfə verirəm. Mən, həmçinin enerji keçidləri və fiskal islahatlarla bağlı siyasət tövsiyələri hazırlamaq üçün təsis etdiyim beyin mərkəzi olan Spektr Araşdırma Mərkəzinə rəhbərlik edirəm.

- Bəs akademik nəşrləriniz barədə nə deyə bilərsiniz?

- Araşdırmalarım bir neçə nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub və dövlət maliyyəsinin müxtəlif aspektlərini əhatə edir. “Hökumət Büdcəsi və Xərcləri: İqtisadi Artım, Fiskal Davamlılıq və Sosial Təsirin Çoxölçülü Təhlili” adlı məqaləm “iBusiness” jurnalında, “Türkiyə və ABŞ-da Dövlət Maliyyəsinin İdarə Edilməsi Müqayisəsi” adlı tədqiqatım “Journal of Financial Risk Management” jurnalında və “Büdcə Kəsintilərinin Dövlət Xidmətlərinə Təsiri” adlı işim isə “International Journal of Research in Finance and Management” jurnalında dərc olunub. Bu məqalələr dövlət büdcəsinin formalaşdırılması, idarə edilməsi və onun sosial-iqtisadi təsirləri ilə bağlı mühüm nəticələr ortaya qoyur.

- Siz həm də milli siyasət islahatlarına töhfə vermisiniz. Bu nümunələr hansılardır?

- Mən Azərbaycanda Açıq Büdcə İndeksi islahatını, genderə uyğun büdcə çərçivələrinin inkişafını və peşə təhsilinin maliyyələşdirilməsi modellərinin müasirləşdirilməsini dəstəkləmişəm. Məqsədim həmişə maliyyə şəffaflığı və dayanıqlılığı artıran praktiki islahatlarla akademik anlayışlar arasında körpü yaratmaq olub. Azərbaycanda açıq büdcə idarəçiliyinin təkmilləşdirilməsi, gender əsaslı büdcələşmə çərçivələrinin yaradılması və peşə təhsilinin maliyyələşdirilməsi mexanizmlərinin inkişafı istiqamətində də mühüm töhfələr vermişəm. Mənim texniki dəstəyim ilə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar və yerli qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.

- Planlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik. Sizin töhfələriniz davamlı maliyyə və məsuliyyətli fiskal idarəetmənin artan əhəmiyyətini açıq şəkildə göstərir.

 
Müsahibəni apardı:
Vüsalə Səfərova
Chosen
0
azertag.az

1Sources