EN

Azərbaycanda adambaşına düşən nominal gəlir 678 manat artıb

Bakı, 2 may, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son dörd il ərzində Azərbaycanda əhalinin nominal gəlirləri üzrə artım dinamikası davam edib.

AZƏRTAC Media Təhlil Mərkəzinə istinadla xəbər verir ki, 2021-ci ilin I rübündə əhalinin nominal gəlirlərinin həcmi 13,5 milyard manat idisə, son 4 ildə bu göstərici 53,8 faiz və ya 7,2 milyard manat artıb. 2025-ci ilin yanvar-mart aylarında isə ölkə əhalisinin nominal gəlirləri 20,7 milyard manat təşkil edib və bu da 2024-cü ilin eyni dövrünə nisbətən 6,6 faiz və ya 1,3 milyard manat çox deməkdir. Əhalinin nominal gəlirləri dedikdə, əhalinin müəyyən dövr ərzində əldə etdiyi bütün pul gəlirlərinin (əməkhaqqı, pensiya, müavinət, sahibkarlıq gəlirləri və s.) ümumi məbləği nəzərdə tutulur. Bu göstərici gəlirlərin faktiki miqdarını əks etdirir və inflyasiya nəzərə alınmadan hesablanır.

Məlumata əsasən, son 4 ildə əhalinin adambaşına düşən nominal gəlirlər üzrə də artım dinamikası davam edib. Cari ilin yanvar-mart aylarında adambaşına düşən nominal gəlir 2024-cü ilin I rübü ilə müqayisədə 6,2 faiz və ya 117,2 manat artaraq 2022,6 manata çatıb. Ötən il isə artım dinamikası 4.5 faiz olmuşdu.

Ümumilikdə, son 4 ildə əhalinin hər bir nəfərinə düşən nominal gəlir həcmi 50,4 faiz və ya 677,7 manat artıb.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə orta illik inflyasiya göstəricisi 5,6 faiz təşkil edib. Həmin dövrdə əhalinin adambaşına düşən nominal gəlir daha çox – 6,2 faiz artıb. Qeyd olunan tendensiya əvvəlki illərdə də bənzər şəkildə müşahidə olunub.

2022 və 2023-cü illərin birinci rübləri arasındakı müddətdə orta illik inflyasiya ən yüksək həddə (13,8 faiz) çatdığı halda, adambaşına düşən nominal gəlir daha yüksək (14,5 faiz) olub.

Ümumilikdə isə 2021-ci ilin birinci rübündən 2025-ci ilin birinci rübünədək olan dövrdə inflyasiya 36,2 faiz olduğu halda, əhalinin adambaşına düşən nominal gəlirləri 50,4 faiz artıb.

Rəsmi rəqəmlərə əsasən, cari ilin yanvar-fevral aylarında ölkədə orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz və ya 96,8 manat artaraq 1043,6 manat təşkil edib. Son 4 ildə bu göstərici üzrə artım tepmi 10 faizdən çox olub.

Xatırladaq ki, 2021-ci ilin yanvar-fevral aylarında orta aylıq nominal əməkhaqqı 692,3 manat idisə, son 4 ildə orta aylıq əməkhaqqı 50,7 faiz və ya 351,3 manat artıb.

Chosen
0
5
azertag.az

9Sources