EN

ABŞ yenə “100 gün” dedi: Bu dəfə nə olacaq?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsində bildirib ki, ABŞ yaxın 100 gün ərzində Rusiya-Ukrayna münaqişəsinin tərəfləri arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir. “Bizim sülh təklifimiz var və qarşıdakı 100 gün ərzində tərəfləri danışıqlar masasına oturtmaq üçün çox çalışacağıq”, – o deyib.

Eyni zamanda Vens qeyd edib ki, Moskva və Kiyevin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün iş görülməlidir, çünki rusiyalıların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük fərq var.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bəri müharibənin başa çatması üçün çalışır:

“Bunun üçün hər iki tərəflə təmaslar davam edir. Həmçinin həm Kiyevə, həm də Moskvaya təzyiqlər davam etdirilir. Buna baxmayaraq, görülən işlər, o cümlədən təmaslar hələ ki, arzuolunan nəticəni vermir. Savaş yaxın zamanda dayanana oxşamır. Bunun əsas səbəbi tərəflər arasında konsensusun əldə oluna bilməməsidir. Həmçinin Avropanın mövqeyi də bu məsələdə həlledici rol oynayır. Belə ki, Avropa paytaxtları Vaşinqtondan fərqli olaraq savaşın başa çatmasında maraqlı deyil. Çünki mümkün atəşkəsdən sonra Rusiyanın növbəti hədəfinin hansısa Avropa ölkəsi olması gözləniləndir. Odur ki, Avropa dövlətləri Ukraynaya dəstəyi artırır və onu müharibəni davam etdirməyə sövq edirlər. Məsələ burasındadır ki, rəsmi Kiyev hələ ki, kapitulyasiyaya razı deyil. Rusiya isə güzəştə getmək niyyətində deyil. Bu, tərəflərin yaxınlaşmasına mane olur”.

K. Novruzovun sözlərinə görə, ABŞ müharibənin bitməsində, ən azından atəşkəsdə, həqiqətən, maraqlı ola bilər:

“Bunun bir neçə səbəbi var. Birincisi, Vaşinqton Moskva ilə münasibətləri normallaşdırmaq niyyətindədir. İkincisi, ABŞ müharibə başa çatdıqdan sonra Ukraynaya investisiya qoymaq istəyir. Üçüncüsü, Ağ Ev bu savaşı bitirib diqqətini Yaxın Şərqə yönəltməyə çalışır. Əvvəl də dediyimiz kimi, Tramp davam edən savaşa sırf biznesmen təfəkkürü ilə yanaşır və ancaq öz maraqlarını güdür. ABŞ bu müharibədən istifadə edərək mümkün qədər qazanclı çıxmaq istəyir. Təbii sərvətlərin hasilatına dair Ukrayna ilə imzalanan saziş bunun ən bariz təzahürüdür. Vaşinqton təzyiq nəticəsində Kiyevdən istədiyini aldı. İndi növbə Moskvadır. ABŞ bu dəfə Rusiyadan Afrika və Suriyadan çəkilməsini tələb edə bilər.

Ümumiyyətlə, mövcud durumdan istifadə edərək həm Rusiyadan, həm də Ukraynadan mümkün qədər çox şey almağa çalışacaq. Beləliklə, tərəflər arasında “oynayacaq”. Bu mənada Vaşinqtonun mövqeyində zaman- zaman dəyişikliyin olması mümkündür.

Tərəflər arasənda birbaşa danışıqların başlanması Ukraynaya, bəlkə də, müəyyən mənda sərf edir. Belə ki, Kiyev həm Vaşinqtonu, həm də Moskvanı razı salmağa çalışmaqdansa, birbaşa Rusiya ilə “dil tapmağa” çalışır. Bu mənada Ukrayna perspektivdə Rusiya ilə birbaşa danışıqlara çalışa bilər. Amma bu, Rusiyanın maraqlarına o qədər də uyğun deyil. Çünki hazırda ABŞ-nin ritorikası Rusiyanın maraqlarına cavab verir. Əgər Vaşinqton “oyundankənar” vəziyyətə düşsə, Moksva Avropa və Ukrayna qarşısında daha çətin duruma düşə bilər. Bu mənada birbaşa danışıqların Kreml üçün uyğun variant olduğunu düşünmürəm”.

“Onu da deyək ki, Vensin dediklərinin sadəcə blef olması ehtimalı böyükdür. ABŞ danışıqlardan kənarlaşmaqda maraqlı deyil. Bu, Vaşinqtona nə isə verməyəcək. Əksinə, itirəcək. Sadəcə, ola bilsin ki, ABŞ bu yolla tərəflərin diqqətini çəkmək istəuir və onları şanslarını çox tükətmədən fürsətləri dəyərləndirməyə çağırır”,- siyasi analitik sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources