Borc 5 milyard dollar olmaqla ÜDM-in 6,6 faizini təşkil edir
2025-ci il aprelin 1-nə olan dövrdə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 965,3 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 8,4 faizi nisbətində olub. Dövlət zəmanəti verilmiş borcun 9 milyard 237,8 milyon manatı (5 milyard 434 milyon dollar) və yaxud 84,2 faizi xarici kreditlərin, 1 milyard 727,5 milyon manatı və yaxud 15,8 faizi isə daxili kreditlərin payına düşüb. Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 faizini sabit, 41,8 faizini isə dəyişkən faiz dərəcəli borc təşkil edib. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibində dolların çəkisi 63,3 faiz, avro 18,7 faiz, manatın çəkisi 12,3 faiz, yapon yeni 3,9 faiz, digər valyutalar 1,8 faiz olub.
Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanın xarici dövlət borcunun səviyyəsi isə 5075 milyon dollar təşkil etməklə cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. Son 3 aylıq göstrəriciyə əsasən, xarici dövlət borcu 62,7 milyon dollar məbləğində azalıb. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Yeri gəlmişkən, xarici dövlət borcunun 27,4 faizi beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları təşkil edir.
MDB, Asiya və Şərqi Avropa regionunda ən yaxşı ölkə
Azərbaycan məsuliyyətli və öhdəliklərinə sadiq ölkə kimi uzun illər əməkdaşlıq etdiyi beynəlxalq maliyyə təsisatlarından aldığı borcları vaxtından əvvəl geri qaytarıb, borc asılılığını minimallaşdırıb. Mövcud vəziyyət onu göstərir ki, Azərbaycan xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələri sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 7 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.
Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ən böyük borca malik olan Ermənistanın xarici dövlət borcu 2024-cü ilin yekununda 11 milyard dollara çatıb. Hazırda Ermənistanın xarici borcu ÜDM-in 52 faizindən çoxdur. Gürcüstanın xarici borcu isə ÜDM-in 42 faizlik həddindədir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan regionda ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,7 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 500 dollardır.
Strateji valyuta ehtiyatlarımız xarici borcu 14,6 dəfə üstələyir
Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də Azərbaycan ən yaxşı mövqeyə malikdir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları (Dövlət Neft Fondu və Mərkəzi Bankın rezervləri) 73,8 milyard dollar məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5 milyard dollar olmaqla borcdan 2,2 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 13,8 milyard dollar olmaqla təxmini olaraq borcla eyni məbləğə malikdir.
Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borcalma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan hazırda Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.
Borclanma ilə bağlı təmkinli siyasət yürüdülür
Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir və yeni borclanmaya getmək ölkəmiz üçün hansısa qayğı yarada bilməz. Hökumət xarici valyutada mühafizəkar borclanma siyasəti aparmaqda qərarlıdır, ancaq əlavə borc cəlb etmək üçün də müxtəlif ssenarilər nəzərdən keçirilir. Dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiya sənədinin yenilənməsi çərçivəsində müəyyən olunmuş xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi üzrə yuxarı hədlər gözlənilib. Yəni, borcun təmkinli idarə edilməsi, borc yükünün hədəf diapozununda saxlanılması müəyyənləşib.
E.CƏFƏRLİ