EN

Şaraa ilə anlaşma yerinə yetirilmədi – Suriya ordusu hərəkətə keçdi

BAKI, 29 aprel. TELEQRAF

Suriya hökuməti ilə “Suriya Demokratik Qüvvələri” (PKK terror təşkilatının qanadı – red.) arasında gərginliyin artması fonunda Hələb vilayətinin şərqində (Tişrin bəndi) hərbi fəallıq yaşanır.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Suriya ordusu bölgəyə daxil olaraq strateji bəndin yaxınlığında hərbi postlar qurub, bu, həm siyasi, həm də hərbi mesaj kimi xarakterizə olunur.

Suriyalı siyasi tədqiqatçı Bassam Süleymanın verdiyi məlumata görə, Suriya Müdafiə Nazirliyi tərəfindən Tişrin bəndinin ətrafına qüvvə göndərməsi SDQ-nin Dəməşqlə razılaşmasını ləngitməsinə cavabdır.

Süleyman Suriya ordusunun qarşıdurma axtarmadığını, amma Dəməşqin federalizm və ya konfederasiya adı altında heç bir separatçı layihəni qəbul etməyəcəyini deyib: “Milli birlik və suverenlik qırmızı xətdir. Buna siyasətlə nail olmaq mümkün deyilsə, hərbi güclə olacaq”.

Süleyman SDQ-nin separatçı tələblərinin Suriya Prezidenti Əhməd Şaraa və bu qüvvələrin komandiri Fərhad Abdi Şahin (Mazlum Kobani) arasında əldə edilmiş razılaşmaya zidd olduğunu qeyd edib.

Analitik SDQ daxilində Qəndilə (PKK-nın mərkəzi) bağlı qanadın Dəməşqlə real anlaşmaya ən böyük maneə olduğunu bildirib.

“Potensial məhdud toqquşmalar SDQ-nin Fəratın qərbindəki hərbi mövcudluğunun sona çatmasına və münaqişənin şərqə keçməsinə səbəb ola bilər”, - Süleyman əlavə edib.

Xatırladaq ki, mart ayında Şaraa ilə Abdi arasında SDQ-nin Suriya ordusuna inteqrasiyası barədə saziş imzalanmışdı. O vaxtdan bəri SDQ bu yöndə heç bir addım atmayıb.

Chosen
1
teleqraf.com

1Sources