EN

Natiq Miri: “İran Prezidentinin timsalında buzların əridiyi nümayiş olundu”

Yazını böyüt
Yazını kiçilt

“İran Prezidentinin Azərbaycana səfəri çox əhəmiyyətlidir. İki türk əsilli prezidentin tarixi vətəndə görüşü İran-Azərbaycan münasibətlərində yeni qapının açılmasına şərait yaratdı. Məsud Pezeşkianın burada verdiyi açıqlamalar, xüsusilə, Azərbaycan Prezidentinə dəfələrlə “möhtərəm, qardaşım” deyə müraciəti həm soy, həm də mənəvi baxımdan yaxınlığı göstərir”.

 Bunu Hafta.az-a politoloq Natiq Miri bildirib.

N.Miri tarixə istinadla qeyd edib ki, bölgədə min illik tarixi olan türk xanədanlığı olub. Onu qəbul etməyən qlobal güclərin yardımı ilə 1925-ci ildə İranda fars rejimi bərqərar olub. Bu günə qədər  də müəyyən idarəetmə rejimlərinin dəyişməsinə rəğmən fars-şovinizm siyasəti dəyişməyib. Bununla belə, bir türkün İran kimi böyük bir ölkədə Prezident olmasının ictimai şüura təsirsiz ötüşməyəcəyi qənaətini irəli sürüb. 

Politoloq İran-Azərbaycan arasındakı münasibətlərin hər zaman enişli-çıxışlı olmasını və bunun İranın daxilində və xaricində olan xüsusi qüvvələrin fəaliyyəti ilə baş verdiyini deyib. Onun fikrincə, bu günə qədər İran-Azərbaycan münasibətlərinin dərinləşməsinə imkan verilməsə də, bu cür qardaş yanaşmalar perspektivdə yeni fürsətlər yaradır.

“Tək bir səfərlə Azərbaycan-İran münasibətlərinin yüksək səviyyəyə qalxacağını söyləmək olmaz. Amma burada əhəmiyyətli olan məsələ hər iki prezidentin siyasi iradəsidir və bu, Bakıdakı görüşdə birmənalı olaraq nümayiş olundu. Azərbaycan Prezidentinin bir fikri xüsusilə yadda qaldı. O dedi ki, bu cür dərin əməkdaşlığı və yüksək səviyyəli münasibətləri hər iki ölkənin xalqları istəyir. Bu o demək idi ki, bunu istəməyən, bu yöndə siyasi qərarlar verən mərkəzlər var və onların təxribat xarakterli siyasi qərarları hər iki dövlətin xalqlarının maraqları ilə üst üstə düşmür”.

N.Miri bildirib ki, bu səfərdə İran Prezidentinin timsalında buzların əridiyi nümayiş olundu. Azərbaycana dost, qardaş münasibəti ortaya qoyuldu, dövlət başçıları səviyyəsində niyyətin saf olduğu nümayiş olundu.

Onun sözlərinə görə, gələcək münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün qapılar açıldı. Bu, iqtisadi, siyasi, hərbi, enerji, sənaye, kənd təsərrüfatı, elmi, humanitar, mədəni sahələri əhatə edə bilər:

“Nəqliyyat, logistika istiqamətində potensialın olduğu və hər iki dövlətin birgə əməkdaşlığı ilə perspektivdə ən yüksək səviyyəyə qaldırılması fikri dövlət başçıları tərəfindən deyildi. Bu fürsət, imkana çevrilsə, bu bir nemət olar. Yetər ki, Azərbaycanı sevməyən İrandakı bəzi güc mərkəzləri bu məsələyə təxribat xarakterli əngəl törətməsinlər”- deyə N.Miri bu baxımdan İran rejiminin etimad göstəriləcək bir rejim olmadığını vurğulayib. O, bu mənada Azərbaycan Prezidentinin bəzi ehtiyatlı fikirlərinə diqqət çəkib. Onun fikrincə, Azərbaycan Prezidentinin bəzi açıqlamalarında “əminəm” yox, “ümid edirəm” deməsi təsadüfi deyil. Prezident Pezeşkianın timsalında nə qədər qardaş münasibəti görsə də və  buna qarşılıq versə də, İranda prezidentin o qədər səlahiyyətlərə malik olmadığını da bilir. Hər bir halda bundan sonrakı davranış İran hökuməti və onları idarə edən Ali Ruhaninin siyasətindən asılı olacaq.

“Cırtdan Ermənistanı müdafiə etməkdənsə, qonşu, müsəlman, potensialı güclü olan Azərbaycanla əməkdaşlığı zirvəyə daşımaqla İran, həm  təhlükəsizliyini, həm də inkişafını təmin edəcək. Bu gün ABŞ-İsrail-İran üçlüyü arasında çox ciddi gərginlik yaşanır. Azərbaycan bu məsələdə öz ağırlığını ortaya qoya bilər.  Zamanında Azərbaycanın İsraillə əməkdaşlığını qılınclayan İranın üzdəniraq güc mərkəzləri bu gün öz təhlükəsizliyini təmin etmək üçün Azərbaycana, Azərbaycan Prezidentinə möhtac ola bilər. Bu məqamı da unutmaq olmaz. Bundan sonrakı vəziyyəti İran rejiminin verdiyi qərarlar müəyyən edəcək”-N.Miri deyib.

Chosen
1
hafta.az

1Sources