Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aprelin 28-də imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.