"Sportinq"in hücumçusu Viktor Qyökereş yenidən "Qızıl buts" mükafatı uğrunda mübarizədə liderliyi ələ keçirib.
Publika.az xəbər verir ki, o, buna Portuqaliya çempionatının 31-ci turunun "Boavişta" ilə matçında (5:0) poker etməklə nail olub.
Qyőkereş bununla cari mövsümdə çempionatda vurduğu qolların sayını 38-ə çatdırıb. Bu o deməkdir ki, forvard “Qızıl buts”un turnir cədvəlində 57 xal toplayıb (1,5 əmsalla). O, 56 xal toplayan "Liverpul"un ulduzu Məhəmməd Salahı qabaqlayır. Misirli futbolçu 28 qol vurub və 56 xal toplayıb (2 əmsal).
Qeyd edək ki, "Qızıl buts" mükafatı ölkə çempionatlarının sonunda mövsümün bombardirinə verilir. Yarışın qaydalarına əsasən, Avropanın ən yaxşı 5 liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) qollar 2 əmsala vurulur. UEFA reytinqində 6-21-ci yerləri tutan ölkələr üçün (Niderland, Portuqaliya, Belçika, Ukrayna və s.) əmsal 1,5 olaraq müəyyən edilib. Amma qalan liqalarda vurulan qollar (22-ci yerdə olan ölkədən) nominal hesablanır.