EN

Bank kartlarından pul çıxaran şəxslərin işi: "Dedi, nazirlikdə tanışım var" - MƏHKƏMƏ

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsait oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslər ifadə verib.

Zərərçəkən qismində Vəliyeva Vəfa bildirib ki, Elmira mənə demişdi ki, Cavanşır adlı nazirlikdə işləyən tanışı var:

"Oğlum imtahandan kəsildiyi Elmiranın vasitəsilə Cavanşirə pul ödədim. Elmira dedi ki, bir nəfər var pul ilə universitetə adam düzəldir. Mən 15 min manat pul verdim. Uşaq imtahanda sıfır bal topladı. Sonra dedilər ki düzəldəcəyik. Mən Cavanşiri tanımırdım. Pul ödədikdən sonra Cavanşiri 4-5 ay sonra canlı gördüm. Daha sonra qardaşı dedi ki, narahat olmayın həl olunacaq. Olmasada pulunuzu verəcəm. Sonra Cavanşir mənə dedi ki, polisə heçnə demə pulunu hissə-hissə ödəyim. Pulun tam hissəsini mənə ödəniş etdi. Elmira deyirdi ki, mənə inanmırsan sənə deyirəm düzələcək. Cavanşir mənim pulumu ödəyib. Cavanşirlə bağlı şikayətim yoxdur.

Zərərçəkən qismində ifadə verən Məmmədova Elmira bildirib ki, qabiliyyət imtahanı ilə əlaqədar olaraq Cavanşir Rüstəmzadəni tanıyıb:

“İdman akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanış olduq. Sonra mən ona qabiliyyət imtahanından keçmək üçün 6 min manat ödəniş etdim. Sonra Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabiliyyət imtahanından keçməyə köməkliyin gərəkdiyini bildirdi. Həm Cavanşirin, həm də Vəfanın səsləri, mətn mesajları və ödəniş qəbzləri məndə qalıb. Cavanşiri 3-4 ildir tanıyıram".

Növbəti məhkəmə prosesi mayın 21-nə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxs kimi zərərçəkmişlərə təqdim ediblər və onların külli miqdarda pullarını ələ keçiriblər.

Onlar zərərçəkmişləri təqaüd və sosial sığorta düzəltmək, işə qəbul etmək və ali məktəbə tələbə qəbul etdirmək adı ilə pulunu alıblar. Dəstənin daha bir üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan Türkiyə vətəndaşı ilə birlikdə onlar elektron məlumatları daşıyıcılarından məlumatları əldə etməklə vətəndaşların pullarını ələ keçiriblər.

Zərərçəkmiş şəxslərin arasında xarici ölkə vətəndaşları da var.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər.

Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.

Chosen
2
1
teleqraf.com

2Sources