Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsait oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslər ifadə verib.
Zərərçəkən Vəfa Vəliyevanın sözlərinə görə, Elmira adlı qadın ona nazirlikdə Cavanşır adlı tanışının işlədiyini deyib:
"Oğlum imtahandan kəsildiyi üçün Elmiranın vasitəsilə Cavanşirə pul ödədim. Elmira dedi ki, bir nəfər var, pulla universitetə adam düzəldir. Mən də 15 min manat pul verdim. Uşaq imtahanda sıfır bal topladı. Sonra dedilər ki, düzəldəcəyik. Mən Cavanşiri tanımırdım. Pulu ödədim, Cavanşiri 4-5 ay sonra canlı gördüm. Daha sonra qardaşı dedi ki, narahat olmayın, həll olunacaq. Olmasa, pulunuzu qaytaracam. Ardınca Cavanşir mənə dedi ki, polisə heç nə demə, pulunu hissə-hissə ödəyim. Pulun hamısını mənə qaytardı. Cavanşirdən şikayətim yoxdur".
Zərərçəkən qismində ifadə verən Elmira Məmmədova bildirib ki, Cavanşir Rüstəmzadəni qabiliyyət imtahanı ilə əlaqədar tanıyıb:
“İdman Akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanış olmuşduq. Qabiliyyət imtahanından keçmək üçün ona 6 min manat verdim. Sonra Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabiliyyət imtahanından keçməyə kömək gərək olduğunu söylədi. Həm Cavanşirin, həm də Vəfanın səsləri, mətn mesajları və ödəniş qəbzləri məndə qalıb".
Növbəti məhkəmə prosesi mayın 21-nə təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxs kimi zərərçəkmişlərə təqdim ediblər və onların külli miqdarda pullarını ələ keçiriblər.
Onlar zərərçəkmişləri təqaüd və sosial sığorta düzəltmək, işə qəbul etmək və ali məktəbə tələbə qəbul etdirmək adı ilə pulunu alıblar. Dəstənin daha bir üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan Türkiyə vətəndaşı ilə birlikdə onlar elektron məlumatları daşıyıcılarından məlumatları əldə etməklə vətəndaşların pullarını ələ keçiriblər.
Zərərçəkmiş şəxslərin arasında xarici ölkə vətəndaşları da var.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.
Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.
Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.
Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər.
Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb. /Teleqraf/