Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan Azərbaycan Respublikası Çinlə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olmuşdur. Bu əlaqələr bu gün də davamlı olaraq həyata keçirilir.
İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.
Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib.
Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.
Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində deyib: “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik.
Azərbaycanın Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsdür.
Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.
Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi, Şərq-Qərb təhlükəszilik və əməkdaşlıq dəhlizinin formalaşmasımda maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlı və iradəlidir. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.
Qeyd edilib ki, Azərbaycanın iqtisadiyyatı günügündən güclənir. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Ölkənin mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsi 5 faizə endirilib, iqtisadiyyatın şaxələndirilməsi davam edir. Yaşıl enerjiyə keçid Azərbaycan üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.
Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, imzalanan və icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək.
Hazırda Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Cənab Prezidentin müsahibədə bildirib ki: “Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik”.
COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim etdi.
Beləliklə, hər iki dost ölkədə siyasət və həyat çox oxşardır. Bizim fəlsəfəmiz eynidir və uğurludur. Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafeylərinə tamamilə uyğun gəlir.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü