AZ

İran prezidentinin Azərbaycana gəlişindən sonra İsrail Baş nazirinin SƏFƏRİ nədən xəbər verir?- DİQQƏTÇƏKƏN məqamlar

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra İsrailin Baş Naziri Bemyamin Netanyahunun da Azərbaycana səfər edəcəyi barədə məlumatlar təsdiqini tapdı. İlk baxışda bu ölkələrin dövlət başçılarının demək olar ki, eyni vaxtda Azərbaycana səfər etməsində qeyri-adi bir məsələ yoxdur. Azərbaycan bəzən eyni gündə müxtəlif ölkələrin dövlət rəhbələrinin qarşılamaq təcrübəsinə malikdir. Amma İranla İsrailin faktiki olaraə bir-birinə düşmən ölkələr olduğunu nəzərə aldıqda bu səfərlər müəyyən suallar doğurur”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, İran prezidenti öz ölkəsi üçün çox ağır bir şəraitdə Azərbaycana səfərə gəldi:

“Hətta Pezeşkian Azərbaycana gəlmək üçün təyyarəyə minənə qədər bu səfərin baş tutmayacağını söyləyənlər var idi. Amma İran Prezidenti öz ölkəsində də bu səfərin həyata keçirilməsinə ciddi maneələrin olmasına və Bəndər-Abbasda baş verən partlayışın vurduğu ziyandan özünə gəlməmişdən Azərbaycana səfəri həyata keçirdi. Deməli su səfər İran prezidenti üçün olduqca ciddi əhəmiyyət daşıyırdı. Bakıda Azərbaycan Prezidenti ilə keçirilən görüşlər də Pezeşkianın Azərbaycan sevgisinin nə qədər böyük olduğunu göstərdi”.

Ə. İbrahimovun sözlərinə görə, İsrailin Baş Naziri Netanyahunun Azərbaycana mayın 8-nə nəzərdə tutulan səfəri də İran-Azərbaycan münasibətlərinin dəyərləndirilməsi baxımdan maraqlı mövzular ortalığa qoyur:

“Bir-birinə müttəfiq ölkələrin Azərbaycana eyni vaxtda səfəri Azərbaycan diplomatiyasının çox uğurlu siyasi gedişlərinin nəticəsi kimi də qiymətləndirilə bilər. Azərbaycan üçün qəbul edilməyən münasibətlər sistemi yoxdur. Azərbaycan qonşu və müttəfiq dövlətlərlə münasibətləri özgələrin diktəsi ilə deyil, öz maraqları çərçivəsində həyata keçirir. Bu gün Azərbaycan həm İran, həm də israillə dostluq münasibətləri qurmaq istəyirsə, İranla İsrail arasındakı münasibətlərin səciyyəsi buna mane ola bilməz. Eyni zamanda, digər ölkələrlə olan münasibətlərə bu prizmadan baxmaq lazımdır.

Digər tərəfdən nə İran, nə də İsrail Azərbaycanı öz siyasətlərinə uyğun addımlar atmağa diktə edə bilməz. Amma Azərbaycanın həm İran, həm də İsrail arasında münasibətlərinin yaxşı olması bu iki düşmən ölkənin də yaxınlaşmasına yardım edə bilər. Mən hər iki ölkənin ali nümayəndələrinin az qala eyni vaxtda Azərbaycana səfərlərinə məhz bu kontekstdən baxmağa cəhd edirəm. Heç şübhə etmirəm ki, müəyyən müddət keçdikdən sonra Azərbaycanın İranla israil arasında vasitəçilik etməsi barədə xəbərlər eşidəcəyik, Türkiyə ilə İsrail arasında həyata keçirilən vasitəçiliyə uyğun olaraq…”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
50
editor.az

10Mənbələr