EN

"Gerasimov həqiqəti" : Ukrayna həm də koreyalılarla döyüşürmüş...

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornalın Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi ilə bağlı məruzə edib. Gerasimov məruzəsində KXDR (Şimali Koreya) döyüşçülərinin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində yüksək peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Ukraynaya qarşı müharibədə Şimali Koreya əsgərlərinin də iştirak etdiyi ilə bağlı məlumatlar bir neçə ay bundan öncə dünya mediasında yer alsa da, bu məlumatlar Pxenyan tərəfindən inkar edilirdi. Rusiya tərəfi də Şimali Koreya ordusunun Ukraynaya qarşı döyüşlərdə iştirakı haqqında ciddi-cəhdlə susur, bu barədə heç bir təsdiqedici ifadə səsləndirmirdi. Sonrakı dönəmdə Ukrayna ordusu əsir götürdükləri bir neçə Şimali Koreya əsgəri ilə bağlı görüntüləri ictimailəşdirsə də, həm Rusiya, həm də Şimali Koreya bu həqiqəti təkidlə inkar etdi. Lakin bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Putinə məruzəsi Şimali Koreya əsgərlərinin Ukrayna müharibəsində iştirakını rəsmi şəkildə təsdiqlədi. Gerasimovun məruzəsi göstərdi ki, Ukrayna və eləcə də Cənubi Koreyanın bir neçə ay bundan öncə Rusiyanın Şimali Koreyadan əsgəri yardım alması ilə bağlı verdiyi məlumatlar həqiqət imiş. Bu isə o deməkdir ki, Ukrayna sadəcə Rusiyaya qarşı deyil, həm də Şimali Koreyaya qarşı döyüşürmüş və bu qeyri-bərabər döyüş bu gün də davam edir.

Bəli, artıq ortada Rusiya və Şimali Koreyanın Ukraynaya qarşı birgə müharibə aparması ilə bağlı rəsmi fakt mövcuddur. Hansı ki, bu faktın proseslərin bundan sonrakı gedişatına necə təsir edəcəyi məlum deyil. Hələlik məlum olan budur: Ukrayna mümkünsüz olanı bacarmaqda – nəhəng güclərə qarşı fədakarcasına müqavimət göstərməkdədir. Və Rusiya ilə yanaşı Şimali Koreyanın da Ukraynaya qarşı müharibədə yer alması, Rusiyanın dəstəyindən daha çox Ukraynanın dözüm və qəhrəmanlığına dəlalət edir.

Seymur ƏLİYEV

 

Chosen
66
50
moderator.az

10Sources