İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Pekində Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilib.
“İnkişaf körpüsü: sənaye və investisiya əməkdaşlığının genişlənməsi” mövzusunda təşkil olunan tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunan platformadır. Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla təxminən 250 nəfərin qatıldğı konfransın məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzunmüddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır.
Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi önəm veridyini bildirən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov iki ölkənin münasibətlərinin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirib. O, ötən il dövlət başçıları İlham Əliyev və Si Cinpinin Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməni qəbul etdiklərini, hazırda iqtisadiyyatın müxtəlif sahələri – energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirildiyini diqqətə çatdırıb.
Çinin Milli İnkişaf və İslahat Komissiyasının rəsmisi Can Ciənhua Azərbaycanın qədim İpək yolu üzərində vacib ölkə olduğunu vurğulayıb, tarixən xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib. O, “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını deyib, Çin şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakının stimullaşdırılmasının əhəmiyyətini vurğulayıb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev son dövrlərdə ölkələrimizin iqtisadi-ticarət əlaqələrində müşahidə olunan müsbət dinamikadan bəhs edib, avtomobil, sənaye, İKT, nəqliyyat-logistika və iqtisadiyyatın digər sektorlarında birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib ki, Azərbaycandakı siyasi və iqtisadi sabitlik, strateji yerləşmə, əlverişli biznes mühiti çinli investorlar üçün yeni imkanlar yaradaraq, onlara ölkəmizi öz regional mərkəzi və istehsal bazası kimi seçmək üstünlüyünü təklif edir. “Çin şirkətləri Azərbaycanda, o cümlədən müxtəlif imtiyazların və güzəştlərin təklif olunduğu sənaye parklarında, iqtisadi zonalarda, habelə Ələt Azad İqtisadi Zonasında müəssisə açaraq istehsal etdikləri məhsulları yerli bazarla yanaşı, qonşu ölkələrə də çıxarmaq imkanı əldə edir. Artıq bu istiqamətdə müsbət təcrübə də var”, – deyə ticarət nümayəndəsi bildirib.
Sonra Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov habelə, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, SOCAR-ın, Azərbaycan İnvestisiya Holdinqinin, AZPROMO-nun, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb, ağır sənaye, mədənçıxarma, kənd təsərrüfatı, yüngül sənaye, yaşıl enerji və digər sektorları əhatə edən ümumilikdə 15-dən çox investisiya layihəsinin təqdimatı olub.
Azərbaycana investisiya yatıran və ya yatırmağı planlaşdıran Çin şirkətlərinin nümayəndələri ölkəmizlə bağlı layihə və planlarından danışıblar.
Tədbir çərçivəsində iki ölkənin qurumları arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb.