AZ

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) və Ümumdünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (“World Internet of Things Convention” – WIOTC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

"Report" 4SİM-ə istinadən xəbər verir ki, bu Anlaşma Memorandumu Pekində İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında imzalanıb.

Bu sənədlər iki ölkə arasında texnoloji sahədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Memorandumlara əsasən, qurumlar “ağıllı şəhər”lər, “ağıllı kənd təsərrüfatı”, blokçeyn, sənaye interneti, yaşıl və dayanıqlı inkişaf texnologiyaları kimi sahələrdə əməkdaşlıq edəcəklər. İmzalanmış sənədlər texnologiya transferi ilə yanaşı bilik və təcrübə mübadiləsi, gələcəkdə konkret layihələrin təşkili və birgə tədqiqat proqramlarının icrasını da nəzərdə tutur.

Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb.

Mərkəzin icraçı direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti, Azərbaycanda dördüncü sənaye inqilabı ilə bağlı görülən təşəbbüslər və rəqəmsal transformasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib.

Səfər çərçivəsində 4SİM-in icraçı direktoru ilə CAİCT-nin vitse-prezidenti Li Guanyu arasında ikitərəfli görüş baş tutub. Tərəflər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Seçilən
87
10
report.az

8Mənbələr