IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində, görkəmli Azərbaycan şairi və yazıçısı Süleyman Rəhimovun 125 illiyinə həsr olunmuş panel müzakirə baş tutub.
Paneldə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Rüstəmzadə, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli çıxış ediblər.
Bizim.Media xəbər verir ki, paneldə müzakirələr, Süleyman Rəhimovun ədəbiyyatımızdakı mövqeyini, onun şeirinin bədii və ideya məzmununu əhatə edib.
Rəhimovun poeziyasının özünəməxsus xüsusiyyətləri, həmçinin onun əsərlərinin tarixi və mədəni kontekstdə necə inkişaf etdiyi geniş şəkildə müzakirə olunub.
Çıxışçılar, Süleyman Rəhimovun ədəbiyyat irsinin gələcəkdə daha geniş şəkildə tədqiq edilməsi və yeni nəşrlərin hazırlanmasının vacibliyini vurğulayıb.
Panel iştirakçıları bu istiqamətdə birgə əməkdaşlıq və tədqiqatların aparılmasının vacibliyini bir daha qeyd ediblər. Bu müzakirə Süleyman Rəhimovun Azərbaycan ədəbiyyatında oynadığı mühüm rolu bir daha işıqlandırmaqla yanaşı, onun irsinin tədqiqi və qorunması üçün yeni yolların açılmasına zəmin yaradıb. Tədbir, eyni zamanda ədəbiyyatsevərlərə və gənc tədqiqatçılara şairin yaradıcılığını daha dərindən öyrənmək və təbliğ etmək üçün yeni imkanlar təqdim edib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media