Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir. Mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəsliyyətin gedişatı və ictimaiyyətin məlumatlandırılması məqsədilə işğaldan azad olunmuş Ağdam rayonuna media-tur təşkil olunub.
Media-tur: Minatəmizləmə fəaliyyətinə yerində baxış
Media-tur Fövqəladə Hallar Nazirliyi və ANAMA tərəfindən təşkil edilib.
FHN-nin Xüsusi Risqli Xilasetmə Xidmətinin şöbə rəisi Ələkbər Ələkbərov media nümayəndələrinə açıqlamasında deyib ki, Ağdam rayonunda 37 min 154 hektar ərazi minalardan təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
FHN-in fəaliyyəti və texniki imkanları
Bildirilib ki, Vətən müharibəsi bitdikdən sonra, aidiyyəti qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hərbi Hissəsi də fəaliyyət göstərməkdədir: “Bu fəaliyyət zamanı heyət üzvləri yüksək səviyyədə kurs keçib. Prezident İlham Əliyevin tapşırığı nəticəsində təmizləmə fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən də istifadə edilir”.
Azərbaycanın mina ilə çirklənmə miqyası
Qeyd edək ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırılıb.
Minatəmizləmə əməliyyatlarının nəticələri və insan itkiləri
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 321 ha ərazi təmizlənib, ümumilikdə 196 056 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
1991-ci ildən bugünədək 3400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.
APA
Elgün Gəncimsoy