AZ

Yeni mövsümdən böyük gözləntilər

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Onlardan 8-i bölgələri təmsil edəcək. Bunlar “Qəbələ”, “İmişli”, “Karvan”, “Sumqayıt”, “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı” və “Araz-Naxçıvan”dır.

Azərbaycan futbolunun inkişafı mövzusunda danışılan zaman əsas istiqamətlərdən biri də futbolun coğrafiyasının genişləndirilməsidir. Bu mövsüm I Liqadan elitaya yüksələn “İmişli”, “Karvan” və “Qəbələ”yə yenidən böyük futbola qoşulması müsbət amillərdəndir. Xüsusilə İmişli və Yevlax uzun müddət idi Premyer Liqadan uzaqda qalmışdı. Bu bölgədən olan gənclər üçün də artıq futbola maraq 1-ə 5 artacaq. Başadüşüləndir ki, hər oyunçunun arzusu bölgəsinin əsas komandasında oynamaq, rayonu layiqincə təmsil etməkdir. Daha əvvəldən Qəbələ nümunəsi var və burdakı akademiyadan çıxan neçə-neçə gənclər indi “Qarabağ”, “Neftçi” kimi komandalarda top qovurlar.

Regionlarda əsas diqqət ediləsi məqamlardan biri də klubların akademiyalarının olması, buna diqqətin lazımi səviyyədə göstərilməsidir. Klublar akademiyalara, gənc oyunçulara nə qədər güvənib, şans versə, ölkə futbolunun inkişafı da bir az daha sürətlənəcək. Bir neçə gün əvvəl Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünya liqaları üzərində ən çox gənclərə şans verən komandaları açıqlayıb. Azərbaycandan bu göstəricidə birinci sırada “Şamaxı” klubu qərarlaşıb.

Gənc mütəxəssis Ayxan Abbasov daha əvvəl çalışdığı “Sumqayıt”, “Turan Tovuz”da, indi isə “Şamaxı”da yerli və gənc oyunçulara şans verməkdədir. Mütəxəssisin komandasında bu mövsüm Rüfət Abbasov, Fəxri Məmmədli, Edqar Ədilxanov kimi gənclər özünü göstərməyi bacarıb. Təsadüfi deyil ki, Edqar artıq böyük klubların da diqqətini çəkməyi bacarıb. Ayxan Abbasovun Azərbaycanın U-21 yığmasına baş məşqçi təyin edilməsi də onun gənclərlə iş məsələsinə xüsusi yanaşması ilə bağlıdır. Çalışdığı klublarda özünü doğrultmağı bacaran Abbasov indi Azərbaycan yığmasının növbəti illərdəki oyunçularını üzə çıxarmaqla da məşğul olacaq.

Yeni mövsümdə Premyer Liqada legioner limiti ləğv olunacaq. Bu, yerli oyunçulara, xüsusilə gənclərin şans qazanmasına təsir edəcək. Ancaq nəzərə almaq lazımdır ki, hər klubun da legionerlərə üstünlük vermək imkan yoxdur. Büdcəsi aşağı olan “Kəpəz”, “Şamaxı”, “İmişli”, “Karvan” kimi komandalar öz akademiyalarının yetirmələrinə, gənclərə üstünlük verməsi daha doğru olacaq. Bölgələrdən gənclərin çıxması digərləri üçün də motivasiya rolunu olacaq. İmişlidə, Qəbələdə, Gəncədə klubların aşağı yaş qrupları üzrə komandalar mövcuddur. Son dönəmlərdə “Kəpəz”in 16, 17 yaşlı gənclərə əsas komanda ilə məşq imkanı verməsi diqqətdən qaçmayıb. Azərbaycan futbolunun gələcəyi mübaliğəsiz bölgələrdən çıxan, futbol eşqi ilə alışıb-yanan uşaqlar olacaq.

Bakıda məskunlaşan “Sabah”, “Neftçi”, “Qarabağ”, “Zirə” akademiyasında da müsbət işlər görülməkdədir. Maliyyə imkanları digərlərinə nisbətən daha yaxşı olan klublarda son dönəmlərdə üzə çıxan gənclər gələcəyə ümidlə baxmağa imkan verir. Azərbaycan futbolunun beynəlxalq arenadakı yükünü çiyinlərində daşıyan “Qarabağ”da ötən həftə 15 yaşlı Amin Rzayev Premyer Liqada debüt etdi. Ondan əvvəl “Sabah”dan Elgün Dünyamalıyev, “Sumqayıt”dan Nihad Əhmədzadə kimi gənclərin mütəmadi oyunlara çıxması diqqətçəkən müsbət məqamlardandır. Gələcəyin əsas yığmasının üzvü olacaq bu gənclərin indidən toplayacağı təcrübələr gələcəkdə onlarçün daha faydalı olacaq.

AFFA futbolin inkişafı üçün müəyyən istiqamətlər müəyyənləşdirib. Düzdür, əvvəlki illərdə də müxtəlif proqramlar tərtib edilsə də, işin icrası düzgün aparılmamış, irəli getmək əvəzinə futbolumuz daha geriləmişdi. Budəfəki strategiyanın hansı formada tətbiq ediləcəyini və necə olacağını zaman göstərəcək. İndiki məqamda diqqətin klublara, akademiyalara, bölgələrə çevrilməsi müsbət və ümidverici məqamlardandır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Seçilən
0
futbolpress.az

1Mənbələr