Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardan əvvəl 30 günlük atəşkəs əldə olunmalıdır.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq X sosial şəbəkəsində yazıb.
“Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid. Əksinə yox", – deyə o yazıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Kiyev hakimiyyəti ilə birbaşa danışıqların bərpası təklifini alqışlamışdı.
Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin qarşısında jurnalistlərə verdiyi açıqlamada Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları əvvəlcədən heç bir şərt olmadan bərpa etməyi təklif edib.
Danışıqlara mayın 15-də İstanbulda başlaması təklif olunur.