AZ

“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib

Rusiya mediası mayın 9-da Moskvada keçirilən nasizm üzərində qələbənin 80 illiyinin qeyd olunması mərasimini və hərbi paradı “möhtəşəm” adlandırır. Hərbi paradın əzəməti heç, bəs doğrudanmı qələbənin 80-ci ildönümü əvvəlki mərasimlərdən daha möhtəşəm olub?

Rusiya mətbuatında dərc olunan məlumatda bildirilir ki, Hitler Almaniyası üzərindəki qələbənin 80-ci ildönümündə iştirak etmək üçün Moskvaya 27 xarici ölkənin lideri gəlib.

parrad.JPG

Bunlar aşağıdakılardır: Çin prezidenti Si Cinpin, Slovakiyanın baş naziri Robert Fiko, Serbiya prezidenti Aleksandar Vuçiç, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan prezidenti Sadır Japarov, Belarus prezidenti Aleksandr Lukaşenko, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidentii Serdar Berdiməhəmmədov, Ermənistanın baş naziri Nikol Paşinyan, Konqo Respublikasının prezidenti Denis Sassou Nguesso, Venesuela prezidenti Nikolas Maduro, Vyetnam rəhbəri (Kommunist partiyasının baş katibi) To Lam, Kuba prezidenti Migel Diaz-Kanel, Braziliya prezidenti Luis İnasio Lula da Silva, Myanmanın baş naziri general Min Aunq Hlainq, Burkina-Fasonun lideri İbrahim Traore, Qvineya-Bisau prezidenti Oumarou Sisoku Embalo, Misir prezidenti Abdel Fəttah əl-Sisi, Zimbabve prezidenti Emmerson Mnanqaqva.

Bu siyahıdan göründüyü kimi, Moskvada hərbi parada şəxsən tamaşa edən xarici dövlətlərin liderlərinin sayı 19-dur və onlardan 6-sı keçmiş SSRİ respublikalarının rəhbərləridir. Başqa vaxt Kreml bu ölkələri “uzaq olmayan xarici ölkə” adlandırır, özünün “arxa bağça”sı sayır. Ancaq indi onlar “xarici lider” sayını artırmaq üçün kara gəliblər.

nik-luk.JPG

Maraqlıdır ki, dağılmış SSRİ-ni formalaşdıran müttəfiq respublikanın 8-nin lideri Moskvaya getməyib. Bunlar Litva, Latviya, Estoniya, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Özbəkistanın liderləridır. Baltikyanı ölkələrlə bağlı məsələ SSRİ-nin süqut etdiyi ilk illərdən aydındır. Onlar Moskvanın iradəsini hələ sovet dövründə belə candərdi qəbul edirdilər, müstəqillik qazanandan sonra isə özlərini əjdaha ağzından qurtulmuş kimi aparır, Kremlin “xeyrinə, şərinə” qarışmırlar.

Ukraynanın son 20 ildə Rusiya ilə münasibəti tarixdə heç vaxt olmadığı qədər amansız düşmənçilik səviyyəsindədir. Moldova üzünü və TV antenlərinin çanağını neçə vaxtdır Avropaya doğru çevirib və Moskvadan tamam üz döndərib. Gürcü xalqı tarixə “08.08.08 müharibəsi” kimi düşmüş qısamüddətli Rusiya-Gürcüstan savaşına görə hələ də Kremli bağışlamış deyil. Ona görə də onun liderinin Moskvada Gürcüstana təcavüz etmiş ordunun paradına tamaşa etməsi ölkədə kəskin qarşılanardı.

Azərbaycanla Rusiya arasında Qroznı səmasında vurulmuş mülki təyyarəyə görə inciklik və umu-küsü davam edir. Bu baxımdan Azərbaycan liderinin bu il Moskvada xarici liderlərin sırasında dayanması mümkün olmayıb.

Özbəkistan liderinin Moskvaya getməməsi isə yeni xanədəndir və təsadüfi deyil. Bu ölkə Avropa ilə perspektiv vəd edən tərəfdaşlıq münasibətləri qurub, öz gələcəyini Qərblə inteqrasiyada görür və Rusiyanın “süni peyki” olaraq yaşamağa davam etmək istəmir. Son bir ildə on minlərlə etnik özbəyin Rusiyadan deportasiya edilməsi, RF ərazisində həbsə, zülmə, sıxışdırılmaya məruz qalması Rusiya-Özbəkistan münasibətlərini gərginləşdirən amildir. Mirziyoyevin Moskvaya getməməsi, ehtimal ki, bu səbəblərlə bağlıdır.

putcin.JPG

MDB ölkələrinin liderlərini saymasaq, aydın olur ki, Moskvaya cəmi 13 xarici ölkənin lideri gəlib. Bəzi tanınmamış separatçı qurumlar (Bosniya və Herseqovinanın içindəki Srpska respublikası, Abxaziya) nəinki “xarici dövlət”, ümumiyyətlə, dövlət deyillər. Əgər həbsdə olmasaydı, yəqin ki, Moldovadakı Qaqauz Yeri muxtariyyatının başqanı Yevgeniya Qutsul da mayın 9-da Moskvada olacaqdı.

Öz liderini Moskvaya göndərən ölkələrin içində Konqo, Myanma, Burkina-Faso, Qvineya-Bisau və Zimbabvenin olması mərasimə o qədər də möhtəşəmik gətirmir. Onların 5-i də problemli ölkədir və dünyada hərbi çevrilişlər yuvası, sərt diktaturalar məkanı kimi tanınırlar.

anpar.JPG

Avropadan cəmi iki ölkənin – Serviya və Slovakiyanın Moskva paradında öz liderləri ilə təmsil olunması da diqqətəşayandır. Macarıstan lideri vəd etsə də Moskvaya gəlməyib, ancaq indiyədək Moskvaya yaxınlığı ilə tanınan Bolqarıstan, Sloveniya, Monteneqro da ona qoşulub. Bu, onu göstərir ki, Avropa bütövlükdə Rusiyadan əlini üzüb, sadəcə, hər işdə olduğu kimi, burada da kiçik istisnalar var.

Dövlət başçılarının əvəzinə Moskva paradında amerikalı aktyor Stiven Siqal iştirak edib. O, 12 ildir ki, mütəmadi olaraq Rusiyaya səfər edir, 2016-cı ildə Rusiya pasportu alıb. Rusiyaya rəğbəti ilə məşhur olan rejissor Oliver Stounun paradda Rusiya prezidentinin köməkçiləri Nikolay Patruşev və Aleksey Dyuminin, Moskva meri Sergey Sobyaninin yanında əyləşməsi təbiidir. O, 2017-ci ildə Putinin haqqında “Putin müsahibələri” adlı dörd hissəli sənədli filmi yayımlayıb. Stoun o vaxtdan Kremldə sevilən simadır. Rejissor Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Putini açıq şəkildə dəstəkləyib.

nebbbi.JPG

Bir sözlə, bu il xarici qonaq sarıdan Moskva paradının möhtəşəm keçdiyini demək olmaz. Putinin bu dəfəki qələbə mərasimi, bizə “Atları yəhərləyin” filmindən tanış olan “Qaçaq Nəbinin toyu” epizoduna dönüb.

P.S. Məlum olduğu kimi, həmin filmdə kənd camaatı Nəbinin toyuna gəlmir və Nəbi buna görə çox pərt olur.

Araz Altaylı, Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr