Fransanın kolonial əsarətindən yaxa qurtarmağa çalışan xalqların müstəqillik mübarizəsi artmaqda davam edir.
Özünü “demokratiya və insan hüquqları keşikçisi” kimi təqdim etməyə çalışan prezident Emmanuel Makron hakimiyyəti üçün Yeni Kaledoniya ciddi bir problemə çevrilib. Fransa hazırda ağır durumdadır – adanın yerli Kanak xalqının müstəqillik tələblərinə əməl etmir. Əksinə, onu qan içində boğmağa çalışır.
Fransa strateqləri hesab edirlər ki, indiki məqamda ölkə üçün burada sabitliyin qalması çox vacibdir. Çünki aktiv siyasi mübarizə və Fransa hökumətinin siyasətinə qarşı etiraz əlaməti olaraq fasiləsiz nümayişlər digər keçmiş müstəmləkə ərazilərinə də keçib. Rəsmi Paris etirazların böyüyəcəyindən və həmin ərazilərdə Kanakların haqlı olaraq tələb etdikləri müstəqillik istəklərinin meydana çıxacağından qorxur.
Burada yaxşı anlayırlar ki, Fransa geri çəkilsə Afrika kimi, buraları da itirəcək. Sakit okeanda yerləşən bu dənizaşırı ərazisində dəfələrlə baş qaldıran müstəqillik hərəkatı qan içində boğulub, insanlar həbsə atılıb, bölgədə Fransa hərbi kontingentinin sayı artırılıb.
Məlumat üçün bildirək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Özü də Emmanuel Makron hakimiyyətinin diktatura rejiminə yox deyən keçmiş müstəmləkələr içərisində Yeni Kaledoniyanın yerli Kanak xalqı xüsusi seçilir.
Dənizaşırı əyalət hesab olunan Yeni Kaledoniyanı hər vəchlə nəzarətdə saxlamağa çalışan Makron hakimiyyəti prezidentliyinin sonuna kimi burada vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.
Vaxt isə azdır. İki il sonra Makronun prezidentlik müddəti başa çatır. Onlara görə də bu ərazidə Fransanın qalmasını az qala həyati hesab edir. Məsələ ondadır ki, Fransanın ölkədaxili problemlərlə yanaşı, xarici siyasətdə də ciddi diplomatik uğursuzluqlar yaşanır. Bundan əvvəl Afrikadakı müstəmləkələrindən biabırcasına qovulub. İndi də növbə Yeni Kaledoniyaya çatıb.
Bu arada Prezident Makron Sakit okeanda yerləşən keçmiş müstəmləkələrinə uğursuz səfərindən sonra Yeni Kaledoniyaya dənizaşırı ərazilər naziri Manuel Vallsı göndərib. Makron ümid edirdi ki, nazirini bu səfərə göndərməklə adanın gələcək statusu ilə bağlı danışıqları intensivləşdirməyə, yerli siyasi qüvvələr arasında konsensus yaratmaq və potensial razılaşmaya zəmin hazırlaya biləcək. Lakin onun gözləntilərinin əksi baş verib. Bu ayın əvvəlində adada baş tutan bir neçə mərhələli danışıqlarda Fransa yalnız “simvolik tanınma” və “praktik güzəştlər” təklif edib, bunlar isə Kanak xalqının əsas tələblərinə cavab vermir.
Qeyd edək ki, “simvolik tanınma” faktiki suverenlik və ya müstəqillik vermədən simvolik jestlər və ya ifadələrlə müəyyən bir xalqın, qrupun və ya regionun xüsusi statusunu tanımaq deməkdir. Nazir Vallsda ultimativ şəkildə adanın yerli Kanak xalqı qarşısında “ya razılaşma, ya xaos” şərti irəli sürüb. Kritik şəkildə keçirilən danışıqlarda fransalı nazir FLNKS (Yeni Kaledoniya Sosialist Milli Azadlıq Cəbhəsi) rəhbərləri ilə görüşüb. Deva bölgəsində yüksək səviyyəli siyasi liderlərin qapalı formatda toplandığı, tarixə “Deva konqlavı” kimi düşən danışıqlar aparılıb. Deva konqlavı — 2024–2025-ci illərdə Yeni Kaledoniya məsələsi ətrafında aparılan siyasi danışıqlarda baş vermiş mühüm bir görüşdür.
Lakin danışıqların yekununda heç bir yekun razılaşmanın əldə olunmayıb. Siyasi düşərgələr - loyalistlər və müstəqillik tərəfdarları - prinsipial fərqlər və dərin fikir ayrılıqları səbəbindən mövqelərini yumşaltmağa razı olmadılar. Xüsusilə simvolik tanınma məsələsi ciddi maneə olaraq qalıb.