AZ

Ata vəsiyyəti - Qalib Azərbaycan » AzadMedia.az



Məşhur Məmmədov,
Millət vəkili

Millətlərin tarixində elə anlar, elə insanlar olur ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyinə istiqamət verir, dəyişir. Azərbaycan üçün həmin böyük taleyi dəyişən şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir. Onun anadan olduğu 10 may — sadəcə doğum günü deyil. Bu gün xalqımızın qürur, sabitlik və dövlətçilik yoluna çıraq yandıran gün kimi tarixləşib.

Heydər Əliyev sadəcə siyasətçi deyil, dövrünü və gələcəyini formalaşdıran fenomen şəxsiyyət idi. Onun liderlik qabiliyyəti, analitik düşüncə tərzi, xalqla qurduğu möhkəm bağ və ən əsası, dövlətçilik iradəsi onu təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi həyatında mühüm fiqura çevirdi. O, dövlətin sükanı arxasında olduğu dövrlərdə təkcə idarəetməni deyil, həm də milli ruhu, vətəndaş həmrəyliyini və müstəqillik ideyasını dirçəltdi.

Ulu Öndərin ən böyük istəyi Azərbaycanın bütöv, azad və qalib bir dövlət olması idi. 1990-cı illərin mürəkkəb geosiyasi şəraitində ölkənin parçalanmaq, süqut etmək təhlükəsi olduğu bir zamanda xalqın ona üz tutması təsadüfi deyildi. Çünki o, xalqına sadiq, sabaha ümid verən və çətinliklərdən çıxış yolu göstərən bir lider idi. Onun uzaqgörənliyi və siyasi iradəsi Azərbaycanı fəlakətdən qurtardı.

Ən böyük miras isə onun qoyub getdiyi vəsiyyət idi: “Azərbaycanı qalib görmək!” Bu vəsiyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər, işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası bu böyük liderin arzularının gerçəkləşməsi oldu. Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır! Nida!” deyimi bu gün artıq geosiyasi bir fakt, diplomatik reallıq və milli qürur kimi qəbul edilir.

Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin qurduğu təməl üzərində daha güclü, daha nüfuzlu və daha dayanıqlı bir dövlətə çevrilib. Onun fenomenal şəxsiyyəti, ideoloji irsi və dövlətçilik məktəbi gənc nəslin yol xəritəsinə çevrilib. Azərbaycançılıq ideologiyası, müstəqillik fəlsəfəsi və xalqına olan sonsuz sevgi – bunlar Heydər Əliyev məktəbinin əsas sütunlarıdır.

10 may – Heydər Əliyevin anadan olduğu gün – hər bir azərbaycanlı üçün fəxarət və minnətdarlıq günüdür. Çünki bu günün sahibi millətin qüruruna çevrilmiş, tarixin axarını dəyişmiş, Azərbaycanın gələcəyinə işıq saçmış bir dahi şəxsiyyətdir.
Seçilən
0
2
azadmedia.az

3Mənbələr