BAKI, 10 may. TELEQRAF
İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati Barselona şəhərindəki mənzilində yüksək səslə şənliklər təşkil edərək qonşularına problem yaradır.
Teleqraf ABC telekanalına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun qonşuları gecə saatlarında başlayan məclislərin qışqırıq və gur musiqinin müşayiəti ilə səhərə qədər davam etməsindən şikayətlənirlər.
Qonşulardan biri dəfələrlə musiqini söndürməyi xahiş etsə də, xeyri olmayıb.
Kataloniya polisi bir neçə dəfə Fatini asayişi pozduğuna görə cərimələsə də, vəziyyət dəyişmədiyi üçün qonşular yerli mətbuata üz tutub.
Qeyd edək ki, Ansu Fati cari mövsüm ərzində meydana çıxdığı 11 oyunda məhsuldarlıqla yadda qalmayıb. Onun yayda komandasını dəyişəcəyi bildirilir.