Amerikanın Nyuark (Nyu Cersi) şəhərinin meri Ras Baraka qeyri-qanuni mühacirlərin müvəqqəti saxlanma mərkəzini tərk etməkdən imtina etdiyi üçün saxlanılıb.
“Report”un xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trampın müşaviri Alina Habba X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Nyuark meri Ras Baraka qeyri-qanuni olaraq içəri daxil olub və Milli Təhlükəsizlik Təhqiqatlarının Nyuark İmmiqrasiya Təcridxanasını tərk etmək barədə çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb. O, nəzarətə götürülüb”, - paylaşımda deyilir.
CNBC-nin verdiyi məlumata görə, demokrat Barak prezident Donald Trampın Respublikaçılar administrasiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün gördüyü tədbirləri dəstəkləmir.
O, həmçinin Nyuarkda 1000 nəfər üçün nəzərdə tutulmuş qeyri-qanuni mühacirlərin saxlanması mərkəzinin açılmasına qarşı çıxıb. Cümə günü o, üç konqresmenlə mərkəzə baş çəkməyi və etiraz aksiyası keçirməyi planlaşdırsa da, saxlanılıb.