AZ

59 min tələbəyə "Türkiyə təqaüd"ləri verilib - Ərən

59

"Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumu (YTB) “Türkiyə Əsri” vizyonunun mühüm daşıyıcılarından biridir".

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Ərən "Anadolu"ya müsahibəsində deyib.

O, rəhbərlik etdiyi qurumun Türkiyənin diaspor siyasəti, soydaş və qohum xalqlarla münasibətləri və beynəlxalq tələbə hərəkatında mühüm rol oynadığını vurğulayıb:

"Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi diaspor siyasətimizdə, könül coğrafiyasına yönəlik strategiyamızda əsas qurumlardan biridir. İndiyədək türk vətəndaş diasporundan könül coğrafiyamıza saysız-hesabsız ürəklərə toxunduq”.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər sahədə gənclərə inanır. A.Eren xatırladıb ki, dövlət başçısının tövsiyəsi ilə 2018-ci ildə 34 yaşında gənc bir kadr kimi quruma rəhbər təyin edilib.

A.Ərən Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin qısa müddətdə inkişaf etdirdiyi potensial və təcrübənin dövlətə və diaspor siyasətinə böyük töhfələr verdiyini, Türkiyənin daxili və xarici siyasətində diaspor baxış bucağının formalaşmasına səbəb olduğunu bildirib.

Qurum rəhbəri qeyd edib ki, hazırda yalnız Avropada 5 milyon türk yaşayır və bu icma mövcud olduqları ölkələrdə artıq ciddi faktora çevriliblər.

Abdullah Ərən türk diasporunun lobbi gücünün artırılmasının vacib olduğunu, bu gücün siyasət, media, elm və təhsil kimi sahələrdə daha mühüm hala gəlməsi üçün çalışdıqlarını söyləyib: “Böyük Türkiyə böyük diaspordan, güclü Türkiyə güclü diaspordan keçir. Avropada haqsızlığa və irqçi hücumlara məruz qalan türklərin hər zaman yanındayıq. Türk diasporunun, başda Avropa olmaqla, dünyanın müxtəlif nöqtələrində güclənməsi üçün səylə çalışırıq. Xaricdəki vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atırıq”.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri deyib ki, son 15 ildə xaricdəki vətəndaşlar üçün bir çox ölkədə 1500-dən çox layihə həyata keçiriblər: "Xüsusilə minlərlə dərnəyə, qeyri-hökumət təşkilatına dəstək verdik. 70 ölkədə QHT-lərlə görüşlər keçirdik, vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atdıq. Bütün bu işləri görərkən vətəndaşlarımızın məruz qaldığı ayrı-seçkilik, irqçilik və islamofob hücumlara qarşı da yanlarında olmağa çalışdıq”.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri xaricdə yaşayan gənclər üçün Türkiyədə müxtəlif tədbirlər təşkil etdiklərini və bu tədbirlərlə onların türk tarixinə, mədəniyyətinə və ana vətənə bağlılıqlarını gücləndirməyi hədəflədiklərini bildirib.

Abdullah Ərən TEKNOFEST-ə xaricdə yaşayan türk gənclərinin qatılmasının təmin edilməsi, Türkiyənin yüksək texnologiya istehsal edən şirkətlərində və öncül qurumlarında onlara təcrübə və təlim proqramları təqdim olunması kimi fəaliyyətlərin, həm xaricdəki, həm də ölkə daxilindəki türk beyin gücünün bir araya gətirilməsi baxımından çox mühüm olduğunu qeyd edib. O, on minlərlə türk gəncinə müxtəlif proqramlar vasitəsilə toxunduqlarını və onlarla görüşdüklərini bildirib.

A.Ərən "Avropada yaşayan gənc nəsil Türkiyədən uzaqlaşır və ana vətənlə bağları zəifləyir” şəklindəki iddialarla razı olmadığını deyərək bu gənclərin xüsusilə çoxmədəniyyətli və çoxdilli mühitdə yaşadıqlarını və evlərində türk mədəniyyəti ilə böyüdüklərini vurğulayıb.

İdarə sədri qeyd edib ki, yalnız Almaniyada 6 ilə 20 yaş arasında 900 mindən çox türk mənşəli uşaq təhsil çağındadır: "Onların türk dilini öyrənməsi, türk mədəniyyəti ilə iç-içə olması, ana vətəni unutmaması və türk ailə mədəniyyətini yaşatmaları əsas məqsədlərimizdən biridir. Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk".

Abdullah Ərən həmçinin, 2025-ci ilin Türkiyədə "Ailə İli" elan olunması münasibətilə xaricdəki vətəndaşlara yönəlik həyata keçirdikləri saysız layihələrə əlavə olaraq, Ailə və Sosial Dəstək Proqramı ilə yanaşı Diaspora Tədqiqatları Dəstəyi, Mədəniyyət-Sənət Layihə Dəstəyi, İdman Dəstəyi, Türk Dünyası Diasporaları Maliyyə Dəstəyi kimi proqramları da əlavə etdiklərini bildirib.

Abdullah Ərən “Könül coğrafiyası” anlayışının, dünyada yalnız Türkiyəyə xas olan bir anlayış olduğunu vurğulayaraq, Türkiyənin könül coğrafiyasının sərhədlərindən daha geniş bir əhatəyə malik olduğunu ifadə edib.

Abdullah Ərən beynəlxalq tələbə diplomatiyasını çox dəyərli hesab etdiklərini bildirib və sözlərinə belə davam edib: “2011-ci ildə Türkiyədə təxminən 20 min beynəlxalq tələbə var idi. 2011-ci ildən sonra Türkiyə Təqaüdləri verilməyə başlandı. Bu gün Türkiyədə 350 min beynəlxalq tələbə təhsil alır. Burada Türkiyə Təqaüdlərinin və dolayısıyla Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin çox böyük əməyi var. İndiyədək 59 min tələbəyə Türkiyə Təqaüdləri verilib. 150 mindən çox Türkiyə məzunu var. Beynəlxalq tələbələrimiz Türkiyənin simpatik diasporasıdır. Bu simpatiya əlaqəsini, aramızdakı duyğusal birlik və ortaq dəyərləri konkret əməkdaşlıqlara çevirərək, qazanc-qazanc prinsipi ilə hərəkət edirik. Bu da Türkiyənin qlobal arenadakı təsir gücünü ciddi şəkildə artırır. Bu gün Balkanlardan Türküstan coğrafiyasına, Afrikadan Qafqaza getdiyimiz hər ölkədə Türkiyədən məzun olmuş, Türkiyəyə sevgi ilə baxan siyasətçi, bürokrat, akademik, sənətçi görmək mümkündür. Beynəlxalq tələbələrə yönəlik indiyə qədər 1300 elmi layihəni həyata keçirmişik. Məzun tələbələrimizi ölkələrində çox önəmli mövqelərdə görürük, bu tələbələr Türkiyə ilə ölkələri arasında çox mühüm bir körpü qururlar. 31 ölkədə 35 məzun dərnəyi ilə bu əlaqəni onlarla birlikdə davam etdiririk".

A.Ərən sonda Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin nəşr fəaliyyətlərinə də toxunaraq qurumun apardığı bu fəaliyyətlərlə “yaddaş” inşa etdiyini və tarixə qeydlər salmaq baxımından hər birinin çox dəyərli olduğunu vurğulayıb.

O, bu çərçivədə 90-dan çox fəaliyyət həyata keçirdiklərini, həmçinin “Telve”, “Bağlar”, “Köklər” və “Hər Boydan” adlı dərgilərinin nəşr dünyasına qazandıraraq həm xaricdəki, həm də Türkiyədə təhsil alan uğurlu beynəlxalq tələbələrə fəal platformalar yaratdıqlarını bildirib.

Seçilən
0
11
xalqcebhesi.az

10Mənbələr