"Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumu (YTB) “Türkiyə Əsri” vizyonunun mühüm daşıyıcılarından biridir".
Publika.az xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren "Anadolu"ya müsahibəsində deyib.
O, rəhbərlik etdiyi qurumun Türkiyənin diaspor siyasətində, soydaşlar və qohum xalqlarla münasibətlərində və beynəlxalq tələbə hərəkatında mühüm rol oynadığını vurğulayıb: "Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi diaspor siyasətimizdə, könül coğrafiyasına yönəlik strategiyamızda əsas qurumlardan biridir".
O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər sahədə gənclərə inanır. A.Eren xatırladıb ki, dövlət başçısının tövsiyəsi ilə 2018-ci ildə 34 yaşında gənc bir kadr kimi quruma rəhbər təyin edilib.
A.Eren Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin qısa müddətdə inkişaf etdirdiyi potensial və təcrübənin dövlətə və diaspor siyasətinə böyük töhfələr verdiyini, Türkiyənin daxili və xarici siyasətində diaspor baxış bucağının formalaşmasına səbəb olduğunu bildirib.
Qurum rəhbəri qeyd edib ki, hazırda yalnız Avropada 5 milyon türk yaşayır və bu icma fəaliyyət göstərdiyi ölkələrdə artıq ciddi faktora çevrilib.
Abdullah Eren türk diasporunun gücünün artırılmasının vacib olduğunu bildiribvə deyib ki, diaspor öz fəaliyyətini daha da inkişaf etdirməlidir: “Böyük Türkiyə böyük diaspordan, güclü Türkiyə güclü diaspordan keçir. Avropada haqsızlığa və irqçi hücumlara məruz qalan türklərin hər zaman yanındayıq. Türk diasporunun, başda Avropa olmaqla, dünyanın müxtəlif nöqtələrində güclənməsi üçün səylə çalışırıq. Xaricdəki vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atırıq”.
Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri deyib ki, son 15 ildə xaricdəki vətəndaşlar üçün bir çox ölkədə 1500-dən çox layihə həyata keçiriblər: "Minlərlə dərnəyə, qeyri-hökumət təşkilatına dəstək verdik. 70 ölkədə QHT-lərlə görüşlər keçirdik, vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atdıq. Bütün bu işləri görərkən vətəndaşlarımızın məruz qaldığı ayrı-seçkilik, irqçilik və islamofob hücumlara qarşı da onların yanında olmağa çalışdıq”.
Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri xaricdə yaşayan gənclər üçün Türkiyədə müxtəlif tədbirlər təşkil etdiklərini və bu tədbirlərlə onların türk tarixinə, mədəniyyətinə və ana vətənə bağlılıqlarını gücləndirməyi hədəflədiklərini bildirib.
Abdullah Eren TEKNOFEST-ə xaricdə yaşayan türk gənclərinin iştirakının təmin edilməsi, Türkiyənin yüksək texnoloji şirkətlərində və aparıcı qurumlarında onlara təcrübə və təlim proqramları təqdim olunması kimi fəaliyyətlərin həm xaricdəki, həm də ölkə daxilindəki türk beyin gücünün bir araya gətirilməsi baxımından çox mühüm olduğunu qeyd edib. O, on minlərlə türk gəncini müxtəlif proqramlara cəlb etdiklərini bildirib.
A.Eren "Avropada yaşayan gənc nəsil Türkiyədən uzaqlaşır və onların vətənlə bağları zəifləyir” şəklindəki iddialarla razı olmadığını deyərək, bu gənclərin çoxmədəniyyətli və çoxdilli mühitdə yaşadıqlarını və evlərində türk mədəniyyəti ilə böyüdüklərini xüsusilə vurğulayıb.