AZ

Azərbaycan-Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır » AzadMedia.az

Azərbaycan-Vyetnam


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7 - 8-də Azərbaycana rəsmi səfəri iki dost dövlət arasındakı əlaqələrin perspektiv inkişaf istiqamətlərinin, o cümlədən yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Bakıda aparılan danışıqlar, mübadilə edilən sənədlər göstərir ki, Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə açılır.

Coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq, Azərbaycanla Vyetnam arasında əlaqələrin zəngin və 66 illik tarixi var. Sovet illərindən başlanyan bu əlaqələr daim yüksələn xətlə inkişaf edib, Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni siyasi-iqtisadi məzmun kəsb etmişdir. Cənab Prezident İlham Əliyevin bir neçə gün əvvəl “Vietnam News Agency” agentliyinə müsahibəsində iki dövlət arasındakı əlaqələrin tarixindnən ətraflı bəhs olunub. Dövlətimizin başçısının qeyd etdiyi kimi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana, 1983-cü ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Sovet dövründə respublikamızda 5 minə yaxın vyetnamlının təhsil alması, mədəniyyət sahəsindəki əməkdaşlıqlar Azərbaycanla Vyetnamı, habelə onların xalqlarını bir-birinə daha yaxın edib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Vyetnamla əlaqələr qeyd etdiyim kimi, yeni siyasi siyasi-iqtisadi məzmun kəsb edib. Xüsusən 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın ölkəmizə səfəri iki respublika arasındakı münasibətlərin inkişafının daha da sürətləndirilməsində böyük rol oynayəb. О da qeyd edilməlidir ki, cənab İlham Əliyevin 2014-cü ildə Hanoy şəhərində vaxtilə Azərbaycanda ali təhsil almış vyetnamlılarla görüşü iki dövlət və onların xalqları arasındakı dostluğun təcəssümünə çevrilib. Azərbaycanda təhsil alan vyetnamlıların bir çoxu hazırda dövlət orqanlarında məsul vəzifələr tuturlar.

Bu gün müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. İki ölkə arasında 2024-cü ildə əmtəə dövriyyəsinin həcmi 224 milyon ABŞ dollarına yaxın olub. Əlbəttə ki, Azərbaycanın və Vyetnamın faktiki malik olduğu potensial əmtəə dövriyyəsini daha da artırmağa imkan verir.
Siyasi sferada isə Azərbaycanla Vyetnam arasında Xarici İşlər nazirliklərinin xətti ilə məsləhətləşmələr həyata keçirilir. O cümlədən hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılib. Azərbaycanla Vyetnam beynəlxalq təşkilatlar - BMT, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2018-ci ildə Fond tərəfindən bu ölkənin Ha Giang əyalətində ibtidai məktəb binasının inşa olunması, habelə həyata keçirilən digər layihələr iki dövlətin dostluğunu daha da möhkəmləndirib. Təsadüfi deyil ki, ötən ay Vyetnama səfər edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə dost kimi qarşılanmışdı.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri də bir daha göstərdi ki, iki dövlət arasındakı əlaqələr möhkəm təməlləri olan dostluq prinsiplərinə əsaslanır. Hələ “Vietnam News Agency” agentliyinə müsahibəsində Prezident İlham Əliyev To Lamın səfəri ilə bağlı demişdi:
«İnanıram ki, cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq».

Bu səfər zamanı imzalanan sənədlər, əldə edilən razılaşmalar doğurdan da göstərdi ki, Azərbaycan-Vyetnam münasibətləri öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyur. Bunu ilk növbədə iki dövlət arasında müxtəlif sahələri əhatə edən 11 sənədin mübadilə edilməsi göstərir. Bu sənədlərin hər biri yeni əməkdaşlıq əlaqələrinin yaranması deməkdir. Mübadilə olunan sənədlərdən Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qəbul etdikləri “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı xüsusi əhəmiyyətə malikdir. Çünki ilk növbədə bu sənəd iki dövlət arasındakı əlaqələrin artıq keyfiyyətcə yeni səviyyəyə qaldırıldığını göstərir.
“Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır” – deyə Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bununla bağlı bildirmişdir.
To Lamın respublikamıza səfəri zamanı iki dövlət arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə əməklaşlıq imkanları, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu məsələləri ətraflı müzakirə olundu. Əldə olunan razılaşmalar, imzalanan sənədlər hər iki tərəfin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir. Vyetnam həm də özünün ixrac marşrutlarının şaxələndirilməsində maraqlıdır. Bu baxımdan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Vyetnama öz ixracını artırmağa imkan verə bilər.

66 il əvvəl təməlləri yaradılan Azərbaycan-Vyetnam münasibətləri bu gün hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən daha da zənginləşdirilir və inkişaf etdirilir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfəri Azərbaycanla bu ölkə arasında dostluğu və tərəfdaşlığı daha da möhkəmləndirəcək, yeni əməkdaşlıq sferalarının formalaşmasına, əmtəə dövriyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.

Seçilən
0
2
azadmedia.az

3Mənbələr