AZ

Valuyevə qadağa, Badamova cavab? – Moskvanın ikili oyunu

“Rusiya mətbuatı Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun bu ölkəyə buraxılmamasını Azərbaycanın analoji addımına cavab kimi təqdim etməyə çalışır. Xatırladaq ki, 2025-ci ilin fevralında Azərbaycan Rusiya Dövlət Dumasının üzvü Nikolay Valuyevi “persona non grata” elan etmiş və onun ölkəyə girişinə qadağa qoymuşdu. Bu qərarın arxasında ciddi və əsaslandırılmış səbəblər dayanırdı. Valuyev Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdiyi – yəni AZAL təyyarəsinin vurulması və ölkəmizdə “Rus Evi”nin bağlanması kimi hadisələrin yaşandığı – bir dövrdə, Rusiya dövlətinin rəsmi nümayəndəsi kimi məsuliyyətli mövqe sərgiləmək əvəzinə, açıq şəkildə anti-Azərbaycan çağırışları etmişdi. O, Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların deportasiyasını, qanuni yaşayanların isə Ukrayna müharibəsinə göndərilməsini tələb etməklə yanaşı, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmasına çağırmışdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik fonunda deputat Azər Badamovun Rusiyaya buraxılmaması və Patriarx Kirillin eyni vaxtda Bakıya səfəri diqqət çəkir. Ekspertlər hesab edirlər ki, Moskva Bakıya münasibətdə vahid mövqe nümayiş etdirmir və bu, ikili siyasət təəssüratı yaradır.

Siyasi şərhçi bildirib ki, Valuyevin səsləndirdiyi aqressiv, diskriminasiyaedici və açıq təxribat xarakterli bəyanatlar onun Azərbaycana girişinə qadağa qoyulmasını tamamilə əsaslandırırdı.

“Bunun fonunda deputat Azər Badamovun vəziyyəti isə tamamilə fərqlidir. O, nə Rusiya dövlətinə, nə də rus xalqına qarşı hər hansı bir düşmən mövqe sərgiləyib. Sadəcə olaraq, Valuyevin təhqiramiz və məsuliyyətsiz davranışlarına münasibət bildirib. Bu, şəxsi mövqe olmaqla bərabər, siyasi etik çərçivədən kənara çıxmırdı. Rusiya tərəfindən Azər Badamovun ölkəyə buraxılmaması isə gizli qərarla həyata keçirilmiş və deputat, heç bir rəsmi bildiriş almadan, Vnukova hava limanından geri qaytarılmışdır. Bu davranış təkcə qeyri-şəffaflıqla yox, həm də beynəlxalq diplomatik prinsiplərə ziddiyyət təşkil edir. Bu addım, həmçinin Rusiyada artmaqda olan şovinist tendensiyaların və siyasi münasibətlərdə ikili standartların əyani göstəricisi kimi qiymətləndirilə bilər”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan tərəfi AZAL təyyarəsinin vurulması ilə bağlı konkret sübut və faktlar təqdim etsə də, Rusiya bu hadisəyə görə məsuliyyət daşımaqdan yayınır və məsələyə ədalətli yanaşma nümayiş etdirmir:

“Bu isə iki ölkə arasında 22 fevral 2022-ci il tarixində imzalanmış müttəfiqlik bəyannaməsinin ruhuna ziddir. Bütün bu proseslər fonunda Azərbaycan tərəfi münasibətlərin qorunması üçün maksimal səylər göstərsə də, qarşı tərəfin atdığı bəzi addımlar bu səyləri ciddi şəkildə sınağa çəkir. Rusiya bir tərəfdən 9 May Qələbə paradını Azərbaycan Prezidentinin dəvəti ilə daha geniş regional əməkdaşlıq mesajına çevirmək istəsə də, digər tərəfdən, qeyri-müttəfiq davranışları ilə münasibətləri sarsıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
0
aznews.az

1Mənbələr