AZ

Müəllimlərin "TikTok"da video paylaşması onların peşəkar nüfuzuna mənfi təsir edəcək - Kamran Əsədov

Elm və Təhsil Nazirliyi müəllimlərə dərslərlə əlaqəli videoları "TikTok"da paylaşmaqla bağlı çağırış edib.

Bəs şagirdlərin təhsil mövzusu ilə "TikTok"a cəlb edilməsi onların fikrinin yayınmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, Elm və Təhsil Nazirliyinin müəllimlərə dərslərlə bağlı videoları "TikTok" platformasında paylaşmaq çağırışı, bir tərəfdən müasir kommunikasiya texnologiyalarından istifadəni təşviq etsə də, digər tərəfdən bu platformanın mahiyyəti və şagirdlərə təsiri baxımından ciddi suallar doğurur:

""TikTok" bir təhsil platforması deyil, əyləncə və diqqəti tez-tez dəyişən məzmun axını üzərində qurulmuş bir sosial şəbəkədir. Bu səbəbdən də tədris məqsədilə istifadəsi birmənalı qarşılanmamalıdır. Araşdırmalar göstərir ki, 2023-cü ildə Azərbaycanda 12-17 yaşlı yeniyetmələrin 74 faizi "TikTok" istifadəçisidir və onların əksəriyyəti bu platformada gündə orta hesabla 1.5 saat vaxt keçirir. Bu müddət ərzində təqdim edilən kontentlərin 80 faizdən çoxu təhsil xarakteri daşımır. Psixoloqlar isə qeyd edirlər ki, bu qədər vizual stimula məruz qalmaq uşaqlarda diqqət dağınıqlığı, informasiya yorğunluğu və səthi düşüncə tərzini artırır. Bu fonda "TikTok"da dərs videolarının yerləşdirilməsi şagirdlərin təhsilə marağını artırmaq əvəzinə, onların sosial media vərdişlərini leqallaşdırmaq və daha da möhkəmləndirmək riskini daşıyır".

Ekspertin sözlərinə görə, nazirliyin bu təşəbbüsü pedaqoji baxımdan da mübahisəlidir.

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 14-cü maddəsində təhsilin əsas prinsipləri sırasında şagirdin şəxsiyyət kimi formalaşmasına, onun tərbiyə və intellektual inkişafına yönəlik mühitin yaradılması göstərilir. Lakin "TikTok" kimi platformalar, bu mühiti sarsıdan və təhsilin dərinlik prinsipinə zidd olan məkanlardır. Qısa, səthi və vizual effektə əsaslanan təqdimatlar təhsilin məzmununu təhrif edə bilər, müəllimi isə kontentin viral yayılması üçün çalışan “influencer” səviyyəsinə endirə bilər. Bu isə müəllimin peşəkar nüfuzuna və dərsin akademik dəyərinə mənfi təsir göstərir.

Müsbət tərəfdən yanaşsaq, "TikTok"da maarifləndirici məzmunun yayılması vasitəsilə müəllimlər yeni auditoriyalara çıxa, müəyyən mövzulara maraq oyada bilər. Bu, xüsusən də texniki fənlərdə və qısa eksperimentlərin nümayişi üçün istifadə oluna bilər. Bəzi ölkələrdə bu metoddan səmərəli istifadə edilib: ABŞ-də və Böyük Britaniyada bəzi müəllimlər "TikTok" vasitəsilə STEAM mövzularını sadə dillə izah edərək milyonlarla baxış toplayıblar. Lakin bu nümunələrdə məzmun və məqsəd peşəkar kurasiya ilə hazırlanıb, təhsil alqoritmləri ilə optimallaşdırılıb və məktəb mühiti ilə uyğunlaşdırılıb".

K.Əsədov qeyd etdi ki, Azərbaycanda nə müəllimlərin sosial media etikasına dair hazırlığı, nə də məktəblərdə bu məzmunların istifadəsinə dair hüquqi və psixoloji tənzimləmələr kifayət qədər formalaşıb.

"Hal-hazırda müəllimlərin əksəriyyəti "TikTok"da kontent hazırlamaq üçün nə texniki resursa, nə metodiki dəstəyə, nə də bunun etik sərhədləri barədə aydınlığa malikdir. Bu səbəbdən də belə təşəbbüslər sistemsiz şəkildə tətbiq olunarsa, müəllimin əsas funksiyası olan tədris prosesi ikinci plana keçəcək və müəllim şagirdin müəllimi yox, izləyicisi olacaq.

Bu təşəbbüsün dəyişəcəyi əsas məsələ odur ki, sosial media təhsil mühitinə daha aktiv daxil olacaq. Ancaq dəyişməli olan budur ki, sosial media ilə təhsil arasında sərhədlər dəqiq çəkilməli, "TikTok" kimi platformalarda təhsil kontenti hazırlamaq istəyən müəllimlər üçün metodiki, hüquqi və etik çərçivələr hazırlanmalıdır. Əgər bu çərçivələr qurulmazsa, bu təşəbbüs şagirdlərin tədrisə deyil, rəqəmsal xaosa daha dərindən sürüklənməsi ilə nəticələnə bilər.

Təhsil texnologiyası ilə texnoloji təhsil arasında fərq qoyulmalıdır. "TikTok" vasitəsilə şagirdə öyrədilən informasiyanın dəyəri və dayanıqlılığı sual altındadır. Təhsil sahəsində rəqəmsallaşma vacibdir, lakin bu rəqəmsallıq sosial media əsarəti olmamalıdır. Belə təşəbbüslər yalnız inklüziv strategiyalarla, psixopedaqoji analizlərə əsaslanaraq həyata keçirilərsə, faydalı nəticə verə bilər. Əks halda, bu təşəbbüs “məktəbi ekrana sığdırmaq” cəhdindən başqa bir şey olmayacaq", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr