Bu gün yeni Papanı seçəcək konklav başlayır. Buna görə bütün dünyanın diqqəti Vatikanda olacaq. Amma biz bu dəfə diqqətimizi başqa istiqamətə yönəldəcəyik. Siz əslində Vatikanın futbol ölkəsi, Papaların əksəriyyətinin futbol fanatı olduğunu bilirdinizmi?
"Cır-cındırdan hazırlanmış toplar yadımdadır, "pelota de trapo”. Dəri olanlar o vaxt hələ baha idi, rezin olanlar isə heç yerdə yox idi. Amma bu da bizə əylənmək üçün kifayət edirdi. Meydança evimizin yaxınlığında yerləşirdi. Amma orada ən yaxşılar arasında deyildim. Düzünü desəm, Argentinada “pata dura” (sərt ayaq) adlandırdıqları adam idim və buna görə də məni qapıya qoydular”.
Bu sözlər aprelin 21-də vəfat edən hamının Papa Fransisk kimi tanıdığı Xorxe Mario Berqolyoya məxsus idi. O, futbola olan sevgisi ilə bilinirdi. Ömrünün sonuna qədər 1946-cı il mövsümündə doğma klubu “San-Lorenso”nun çempion olmasını və bir oyununu belə buraxmamasını fəxrlə xatırlayırdı. Atası ilə birlikdə stadionda olarkən komandanın qələbəsini qeyd etmək üçün meydana belə çıxmışdılar.
Sonralar Papa olacaq gənc üçün bu klubun seçilməsi təsadüfi deyildi. Axı “San-Lorenso” klubunun banisi keşiş Lorenso Massa və komandanın ləqəbi də “müqəddəslər” idi.
Futbol onun dünya görüşünü də formalaşdırdı, çünki “San-Lorenso” Buenos-Ayresin fəhlə sinfinin yaşadığı Boedo rayonunu təmsil edirdi. Berqolyo məhz burada yoxsullarla dostlaşdı və “sol” a meylləndi.
Kilsədə irəliləməsi belə onu dəyişmədi. 1990-cı illərdə Buenos-Ayresin arxiyepiskopu olarkən “San-Lorenso”nun oyunlarından əvvəl soyunub-geyinmə otağını müqəddəsləşdirməyə başladı. Hətta məşhur məşqçi Alfio Basile bir dəfə qışqırmışdı: “Bu keşiş kimdir? Dərhal buranı tərk etsin!”
Amma bu, sadəcə bir epizodik hadisə idi. Klub onu fəxrlə qəbul edirdi və 2014-cü ildə “Copa Libertadores” kubokunu qazandıqdan sonra birbaşa Vatikan Papasına təqdim etmişdi.
Onun da klubun üzvü olduğunu təsdiq edən bileti vardı. Emosional argentinalılar həmin biletdəki “88235” nömrəsini ilahi simvol sayırlar. Papa 88 yaşında dünyasını dəyişib və 2:35-də vəfat edib.
İndi isə “San-Lorenso” yeni stadion inşa etməyi və ona Xorxe Mario Berqolyonun adını verməyi planlaşdırır. Ancaq bu inandırıcı deyil. Çünki Argentinanın iqtisadiyyatı çöküb, bunun üçün real imkanlar yoxdur.
Nə qədər qəribə səslənsə də, Papa Fransisk Messinin heç bir oyununu izləməyib. Bunun səbəbi faciədir. Çünki futbol bir mənada onun atasının ölümünə səbəb olub. 1990-cı ildə atası “San-Lorenso”nun stadionunda qol sevinci zamanı infarkt keçirib. Həkimlər gec gəlib. Berqolyo bu itkini çox ağır keçirib və getdikcə futboldan uzaqlaşıb. Əvvəlcə matçları yalnız televiziyadan izləyirib, sonra isə ümumiyyətlə baxmağı dayandırıb.
“Bəzən insanlar məndən daha çox Messi və ya Maskerano kimi olduğumu soruşurdular. Amma onların oyunlarını görmədiyim üçün bilmirdim”.
O, yalnız qəzetlərdən oxuyurdu. Hər səhər isveçrəli qvardiyaçı ona Argentina çempionatının nəticələrinin olduğu qəzet gətirirdi və Papa onu gizlicə götürürdü.