AZ

Vatikanda futbol həyatı: Papanın gizli sevdası, döyüşlə bitən ilk matç – FOTOLAR

Bu gün yeni Papanı seçəcək konklav başlayır. Buna görə bütün dünyanın diqqəti Vatikanda olacaq. Amma biz bu dəfə diqqətimizi başqa istiqamətə yönəldəcəyik. Siz əslində Vatikanın futbol ölkəsi, Papaların əksəriyyətinin futbol fanatı olduğunu bilirdinizmi?

“Cır-cındırdan hazırlanmış toplar yadımdadır, “pelota de trapo”. Dəri olanlar o vaxt hələ baha idi, rezin olanlar isə heç yerdə yox idi. Amma bu da bizə əylənmək üçün kifayət edirdi. Meydança evimizin yaxınlığında yerləşirdi. Amma orada ən yaxşılar arasında deyildim. Düzünü desəm, Argentinada “pata dura” (sərt ayaq) adlandırdıqları adam idim və buna görə də məni qapıya qoydular”.

Bu sözlər aprelin 21-də vəfat edən hamının Papa Fransisk kimi tanıdığı Xorxe Mario Berqolyoya məxsus idi. O, futbola olan sevgisi ilə bilinirdi. Ömrünün sonuna qədər 1946-cı il mövsümündə doğma klubu “San-Lorenso”nun çempion olmasını və bir oyununu belə buraxmamasını fəxrlə xatırlayırdı. Atası ilə birlikdə stadionda olarkən komandanın qələbəsini qeyd etmək üçün meydana belə çıxmışdılar.

Sonralar Papa olacaq gənc üçün bu klubun seçilməsi təsadüfi deyildi. Axı “San-Lorenso” klubunun banisi keşiş Lorenso Massa və komandanın ləqəbi də “müqəddəslər” idi.

Futbol onun dünya görüşünü də formalaşdırdı, çünki “San-Lorenso” Buenos-Ayresin fəhlə sinfinin yaşadığı Boedo rayonunu təmsil edirdi. Berqolyo məhz burada yoxsullarla dostlaşdı və “sol” a meylləndi.

Kilsədə irəliləməsi belə onu dəyişmədi. 1990-cı illərdə Buenos-Ayresin arxiyepiskopu olarkən “San-Lorenso”nun oyunlarından əvvəl soyunub-geyinmə otağını müqəddəsləşdirməyə başladı. Hətta məşhur məşqçi Alfio Basile bir dəfə qışqırmışdı: “Bu keşiş kimdir? Dərhal buranı tərk etsin!”

Amma bu, sadəcə bir epizodik hadisə idi. Klub onu fəxrlə qəbul edirdi və 2014-cü ildə “Copa Libertadores” kubokunu qazandıqdan sonra birbaşa Vatikan Papasına təqdim etmişdi.

Onun da klubun üzvü olduğunu təsdiq edən bileti vardı. Emosional argentinalılar həmin biletdəki “88235” nömrəsini ilahi simvol sayırlar. Papa 88 yaşında dünyasını dəyişib və 2:35-də vəfat edib.

İndi isə “San-Lorenso” yeni stadion inşa etməyi və ona Xorxe Mario Berqolyonun adını verməyi planlaşdırır. Ancaq bu inandırıcı deyil. Çünki Argentinanın iqtisadiyyatı çöküb, bunun üçün real imkanlar yoxdur.

Nə qədər qəribə səslənsə də, Papa Fransisk Messinin heç bir oyununu izləməyib. Bunun səbəbi faciədir. Çünki futbol bir mənada onun atasının ölümünə səbəb olub. 1990-cı ildə atası “San-Lorenso”nun stadionunda qol sevinci zamanı infarkt keçirib. Həkimlər gec gəlib. Berqolyo bu itkini çox ağır keçirib və getdikcə futboldan uzaqlaşıb. Əvvəlcə matçları yalnız televiziyadan izləyirib, sonra isə ümumiyyətlə baxmağı dayandırıb.

“Bəzən insanlar məndən daha çox Messi və ya Maskerano kimi olduğumu soruşurdular. Amma onların oyunlarını görmədiyim üçün bilmirdim”.

O, yalnız qəzetlərdən oxuyurdu. Hər səhər isveçrəli qvardiyaçı ona Argentina çempionatının nəticələrinin olduğu qəzet gətirirdi və Papa onu gizlicə götürürdü.

Vatikan futbolu Papanın ölümü ilə bitəcək? Əsla! Bu oyun əvvəlki kimi davam edəcək. Tarixə görə, Vatikan ərazisində ilk futbol tipli qarşılaşma 1521-ci ildə Papa X Leo-nun iştirakı ilə keçirilib.

1947-ci ildə isə dörd komanda arasında keçirilən turnirin finalında kilsə işçiləri ilə San-Pyetro fabrikin işçiləri dava salıb. Hətta tamaşaçılar da (onların arasında ruhanilər də var idi) bu davaya qoşulublar. Bu hadisədən sonra Papa futbola qadağa qoyub. Bu qadağa 1972-ci ildə ləğv edilib və o vaxtdan Vatikan futbolu canlanıb. Dövlətin əhalisi 800-900 nəfər olduğuna görə burada seleksiya yoxdur.

Son illərin dominant komandası “SS Hermes Musei Vaticani”dir. Papanın muzeylərinin bərpaçılarından ibarətdir. İsveçrə qvardiyasının, “San-Pyetro” fabrikinin, Vatikan televiziyasının, Vatikan poçtunun, “L’Osservatore Romano” qəzetinin komandaları da var. 1985-ci ildən bəri Kardinal Serjo Valçinin adını daşıyan Kubok turniri keçirilir. Oyunlar işdən sonra, əsasən bazar ertəsi və çərşənbə axşamı olur. Stadion Müqəddəs Pyotr bazilikasından 400 metr məsafədə yerləşir. Ən məşhur oyunçu – “Roma”nın gənclər komandasında çıxış etmiş və sonradan Vatikan poçtunda çalışan Bruno Mariottidir.

2007-ci ildə Kardinal Tarsizio Bertonenin təşəbbüsü ilə Klerikus Kuboku yaranıb. Roma Katolik kilsəsinin dünyanın dörd bir yanından yüzlərlə seminariyası var. Onlar bir-biri ilə yarışırlar. Ən son turnirdə 56 ölkədən 355 seminarist iştirak edib. Ən çox komanda Latın Amerikasından gəlir, amma adətən afrikalılar qalib gəlirlər. Oyunlar süni örtüklü stadionda keçirilir. Maraqlı detal odur ki, sarı və qırmızı kartlar yoxdur. Onların əvəzinə mavi kart var. Belə kart alan oyunçu 5 dəqiqə meydanı tərk edib “tövbə skamyası”nda oturur.

Papa Berqolyo isə futbolu yalnız həvəskar səviyyədə dəstəkləyirdi və peşəkarları belə bu ideyaya cəlb edirdi. Məsələn, 2014, 2016 və 2022-ci illərdə “Sülh uğrunda dinlərarası oyunlar” təşkil etmişdi. Məqsəd ehtiyacı olan uşaqlar üçün “Scholas Occurrentes” məktəbləri şəbəkəsinə vəsait toplamaq idi. Xavyer Zanettinin təşkilatçılığı ilə Maradona, Baccio, Ronaldinyo, Stoyçkov, Buffon, Futre və başqa xristian futbolçular turnirdə oynayıblar.

Vatikanın FİFA və ya UEFA-ya daxil olması mümkündürmü? Qətiyyən. Vatikan hazırda FİFA üzvü olmayan doqquz suveren dövlətdən biridir və bu dəyişməyəcək. Amma onların kişi və qadın milli komandaları var. Bu, əsasən, simvolikdir. Onların debüt oyunu 1994-cü ildə San-Marino yığmasının ehtiyat heyətinə qarşı olub və matç 0:0 hesabı ilə başa çatıb.

Sonradan daha bir neçə belə yoldaşlıq oyunu olub. Ən inamlı qələbə isə 2008-ci ildə Çinin U-23 yığmasına qarşı olub – 4:3. Bu yığmanın ən məşhur baş məşqçisi isə – Canni Trapattonidir. O, 2010-cu ildə Vatikan yığmasını İtaliya Maliyyə Polisi ilə oyunda çalışdırıb.

Gələcəkdə necə olacaq? Buna konklav qərar verəcək. Papalar hər şeydən əvvəl, insandır. Karol Voytila teatrın Aloiz Ratsinger – Motsartın heyran idi. Futbol isə Fransisklə şanslı oldu. O, tarixə düşəcək, bütün dövrlərin ən futbolsevər Papası kimi.publika.az

Seçilən
0
1
moderator.az

2Mənbələr